Azərbaycan, Bakı, 21 noyabr/ Trend , müxbir Ü.İsmayılova/ Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın infrastrukturun müasirləşdirilməsi üçün hər il 200 mln. dollar ayırmağı planlaşdırır, - bankın Mərkəzi və Qərbi Asiya üzrə baş direktor müavini Şon O'Sallivan (Sean O'Sulivan) cümə günü Bakıda bildirib.
Onun sözlərinə görə, 2009 - cu ildə bank ölkənin su və enerji sektorlarına, 2010 - cu ildə isə, dəmir yolu infrastrukturunun yenilənməsinə sərmayələri davam etdirəcək.
"Azərbaycan biznes - mühitdə islahatlar aparan ölkələrin siyahısında birincidir və ölkədə sərmayələrə ciddi nəzarət var. Bu isə xarici sərmayədarların cəlb edilməsini stimullaşdırır", - AİB -in vitse - prezidenti Hyu Jao (Xiaoyu Zhao) bildirib.
Hazırda nəqliyyat layihələrinin realizəsi 2007 - ci ilin avqustunda təsdiq edilmiş 500 mln. dollar dəyərində multitranş paket (Multitranche Financing Facility - MFF) çərçivəsində aparılır. Vitse - prezidentin sözlərinə görə, maliyyələşdirmə, əsasən, Şərq - Qərb magistralı istiqamətində aparılır. 2009 - cu ildə bu avtomagistralın Gəncə - Qazax hissəsi üçün üçüncü MFF tranşı ayrılacaq.
Asiya Bankı ölkədə su təchizatı və sanitar xidmətlər sisteminin yaxşılaşdırılması üçün artıq 30 mln. dollar ayırsa da, layihənin əhatə dairəsinin genişlənməsi və tikinti materiallarının bahalaşması ilə əlaqədar, bu layihənin dəyərinə yenidən baxılacaq.
Azərbaycan hökuməti AİB ilə 1999 - cu ildən əməkdaşlıq edir və indiyədək bank ölkə üçün dövlət zəmanəti altında 304 mln. dollar məbləğində kredit təsdiqləyib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]