...

Azərbaycanda şüşə məmulatları istehsalı müəssisəsi istismara verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2008 19:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr/ Trend /  Bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakının Qaradağ rayonu ərazisində "İnter Qlass" ASC şüşə məmulatları zavodunun istismara verilməsi mərasimində iştirak edib, - AzərTAc Dövlət İnformasiya Agentliyi xəbər yayıb.

Dövlət başçısı müasir tələblərə cavab verən zavodun baş planı ilə tanış olub. Müəssisə 2004-cü ilin aprelində "Xazar Management System" MMC tərəfindən özəlləşdirilən "Qaradağ Rezin Qarışığı" ASC-nin bazasında tikilib. ASC-nin yeni sahibi istehsal istiqamətlərini dəyişdirərək, şüşə məmulatları istehsal olunması üçün lazımi avadanlıq quraşdırıb. 2004 -2008 - ci illərdə bütün infrastruktur və kommunikasiya sistemi yenidən qurulub, zavod ərazisində avtomobil yolları çəkilib, dəmir yolu xətti tam bərpa edilib. Müəssisəyə 52 milyon dollar sərmayə yatırılıb. Bu layihə Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə həyata keçirilib.

İtaliyadan gətirilmiş ən müasir avadanlıq quraşdırılmış müəssisə ildə 100 milyon ədəd şüşə məmulatları istehsal etməyə qadirdir. Hazırda 250 işçinin çalışdığı zavodda sutkada 270 min ədəd məmulat buraxılması nəzərdə tutulur.

İnter Qlass üçün əsas xammal Gəncə və Qazaxdan, habelə Ukrayna və Rusiyadan gətirilir. Daxili tələbat ödənildikdən sonra məhsul Rusiya və Gürcüstana ixrac olunacaq.
Prezident İlham Əliyev müəssisənin idarəetmə mərkəzi, istehsal sahələri ilə tanış olub, istehsal prosesini, hazır məhsulun qablaşdırılması prosesini izləyib.
Dövlət başçısı görülən işləri yüksək qiymətləndirərək, yeni istehsal sahələrinin fəaliyyətə başlamasının iqtisadi baxımdan əhəmiyyətli olduğunu bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti