Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir E.İsmayılov / Nəqliyyat Nazirliyindəki mənbənin verdiyi məlumata əsasən, Azərbaycan Nəqliyyat Nazirliyi Ələt qəsəbəsində Bakı beynəlxalq dəniz limanının layihələndirilməsini aparan Hollandiyanın "Royal Haskoning" şirkətinə inşaat gedən layihəyə aid ərazilərdə seysmik vəziyyətin və küləyin istiqamətini araşdırarkən Milli Elmlər Akademiyası və Ekologiya və Təbii Sətvətlər Nazirliyi ilə sıx əməkdaşlıq etməyi tövsiyə edib. Tövsiyələr dünən Bakıda keçirilmiş görüşdə müzakirə olunub.
"İşlərə başlamazdan əvvəl biz şirkətə seysmik məlumatları əldə etmək üçün Elmlər Akademiyasına müraciət etməyi məsləhət bildik. Küləyin istiqaməti və sürəti eləcə də palçıq vulkanları barədə məlumat əldə etməkdən ötrü isə şirkətə Ekologiya və Təbii Sətvətlər Nazirliyinə müraciət etməsi tövsiyyə edilib", - mənbə deyib.
Məlumat verən mənbənin sözlərinə əsasən, iyul ayında "Royal Haskoning" yeni limanın baş planını nazirliyə təqdim edəcək.
Liman multimodel olacaq. Çünki gələcəkdə məntiqi mərkəzdən savayı, ərazidə azad iqtisadi zolağın yaradılması da planlaşdırılır.
Ələt qəsəbəsində tikiləcək yeni limanın inşaat işləri üç mərhələdə tamamlanaraq 2015-ci ildə istifadəyə veriləcək. 2008-2010-cu illəri əhatə edən ilkin mərhələdə konteynerlərin, "Ro-Ro" tipli gəmilərin və adi quru yükdaşıyan gəmilərin qəbulu üçün iki parom və üç yük körpüsünün tikilməsi nəzərdə tutulub. 2011-2013-cü illəri əhatə edən ikinci mərhələdə daha üç yük körpülərinin tikilişi nəzərdə tutulub. 2014-2015-ci illəri əhatə edən üçüncü, sonuncu mərhələdə isə iki yük körpüsünün tikilməsi plana daxildir.
Layihə tam olaraq 400 mln. dollar həcmində dəyərləndirilir.
"Royal Haskoning" layihənin dəniz və quru hissindən əlavə, layihənin smeta sənədləşməsini də hazırlamalıdır.
Layihənin podratçısını müəyyən etməkdən ötrü 6 şirkət tenderdə iştirak üçün dəvət alsa da, yalnız üçü iştirak edib.
"Hollandiya şirkətinin təklifləri texniki baxımdan digərlərindən daha savadlı idi", - məlumatı verən mənbə bir müddət öncə demişdir.
Texniki tikinti-layihələndirici şirkət olan "Royal Haskoning" 1881-ci ildə Hollandiyada yaradılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]