...

Azərbaycan bankı UniBank nizamnamə kapitalını ikiqat artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2009 18:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun / Trend /

"Azərbaycan bankı UniBank nizamnamə kapitalını ikiqat artıraraq 30 milyon manata çatdırıb", - bankın cümə axşamı yaydığı məlumatda deyilir.

İyun ayının 5-də Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bankın 15 milyon manat həcmində buraxdığı əlavə emissiyasının nəticələri haqqında hesabatını qeydiyyata alıb.

Fəaliyyətinin başlanğıcından sonra ən iri səhm emissiyasını UniBank may ayının sonunda başa çatdırıb. Cəmi əlavə olaraq hər birinin nominalı 2 AZN təşkil edən 7,5 milyon sadə adsız sənədləşdirilməmiş səhm emissiya olunub. Bu buraxılış nəticəsində "UniBank" ASC-nin səhmdar kapitalının strukturu əhəmiyyətli dərəcədə dəyişməyib, çünki səhmlər bankın, Avropa Yenidənqurma və İnkişaf Bankı və DEG Sərmayə Qrupu da daxil olmaqla, hazırkı səhmdarları tərəfindən alınıblar.

"Nizamnamə kapitalının miqyaslı artımı bankın strateji inkişaf planının həyata keçirilməsi yolunda müntəzəm bir addımdır", - "UniBank" ASC-nin idarə heyətinin sədri Faiq Hüseynov deyib.

Onun sözlərinə görə, qısa dövr ərzində kapitalın 2 dəfə artırılması sabitliyin və etibarlılığın sübutu, eləcə də əmanətçilərin yatırımlarının qorunub saxlanmasına tutarlı təminatdır.

"Bu addım bizə regionlarda filiallar şəbəkəsinin genişləndirilməsi üzrə planlarımızı həyata keçirmək, təklif olunan məhsul sırasını təkmilləşdirmək, UniBank-ın ölkə bank xidmətləri bazarında liderlər sırasında olmasını təmin etmək imkanı verəcək", - deyə o vurğulayıb.

Hüseynovun fikrincə, bank nizamnamə kapitalı ilə iri həcmdə olan öz vəsaitləri arasındakı fərqi azaldaraq, ayrı-ayrı borcalanlara kredit həcmlərinin artırılması və sərfəli şərtlərlə əlavə fondlaşdırılma mənbələrinin cəlb olunması hesabına apardığı maliyyə əməliyyatlarının miqyasını artıra biləcək.

"Unibank" ASC-nin səhm emissiyasının prospekti AR-nın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində 2009-cu ilin mart ayının 30-da, AZ100100202P qeydiyyat nömrəsi altında qeydiyyata alınıb. Emissiyanın anderrayteri "UniCapital" ASC-dir. Səhmlərin yerləşdirilməsinin başlanması aprel ayının 17-də elan olunsa da, onların Bakı Fond Birjasının açıq hərraclarında satışı may ayında, olduqca qısa bir müddətdə - 22 gün ərzində həyata keçirilib. Səhmlərin əlavə emissiyası haqqında qərar UniBank-ın idarə heyətinin təşəbbüsü ilə səhmdarların növbədənkənar ümumi yığıncağında qəbul edilib.

İyunun 11-nə olan rəsmi məzənnə 0,8039 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti