Azərbaycan, Bakı, 27 avqust / Trend , müxbir İ.Xəlilova /
Azərbaycanın regional bankı Gəncə Bankın səhmdarlarının strukturunda dəyişiklik baş verib. Yeni səhmdarın daxil olması nəticəsində nizamnamə kapitalı 15 milyon manatadək artıb. Bu barədə bazar ertəsi Gəncə Bankın İdarə Heyətinin sədri Fuad Musayev deyib.
"Azərbaycan vətəndaşı olan yeni səhmdar banka beş milyon manatlıq kapital qoymaqla 33 faizlik iştirak əldə edib", - Musayev deyib.
Yeni səhmdarın daxil olması nəticəsində onların ümumi sayı dörd fiziki şəxsə çatıb. Bundan başqa, səhmdarların pay iştirakı bölgüsündə də dəyişiklik baş verib. Ən iri səhm paketinin sahibi (87 faizlik) Gəncə Bankın Müşahidə Şurasının sədri Pərvanə Orucovanın payı 58 faizədək azalıb. Müvafiq olaraq, qalan doqquz faiz bankın iki səhmdarı arasında bölünüb.
Avropa Yenidənqurma və İnkişaf Bankının Gəncə Bankın səhmdarları sırasına daxil olması məsələsi hələ də qeyri-müəyyən olaraq qalır. "Lakin bank fəaliyyət nəticələri üzrə hesabatı bu maliyyə institutuna təqdim etməyə davam edir", - Musayev deyib.
Dünya maliyyə böhranına görə, Gəncə Bankın səhmdarları sırasına daxilolma imkanlarının qiymətləndirilməsi prosesi müvəqqəti olaraq dayandırlıb. Bank rəhbəri hesab edir ki, Avropada böhranın təsirinin dərinləşməsi ilə əlaqədar olaraq, qiymətləndirmə və qərar qəbulu uzadılır.
Hələ bir müddət əvvəl Gəncə Bank Avropa bankına 20 faiz səhm təqdim etmək barədə qərar qəbul etmişdi. Bu paketin 25 faizədək artırılması istisna edilmir.
Gəncə Bank ilk regional bankdır (ötən il ikinci regional bankın - Naxçıvan Bankın açılmasına qədər o yeganə idi). Ölkə regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində hökumət regionlarda sahibkarlığın, o cümlədən bankların inkişafına da diqqət yönəldir.
Gəncə Bank 1994-cü ildən fəaliyyət göstərir. Bankın ümumi kapitalı 16,5 milyon manatdır.
Avqustun 27-nə olan rəsmi məzənnə 0,8041 AZN/USD təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]