...

Azərbaycan Dövlət Neft Fondunun aktivləri dollar və avronun məzənnəsinin volatilliyinə baxmayaraq artım tendensiyasını saxlayır – ARDNF rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2010 18:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir N.İsmayılova/

2010-cu ilin əvvəlindən dollar və avronun məzənnəsinin volatilliyi Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcminə təsir edib. Bu barədə fondun rəhbəri Şahmar Mövsümov deyib.

"Dollar və avronun məzənnəsinin volatilliyi fondun aktivlərinə təsir edib, lakin daxilolmaların davam etməsi və aktivlərin artmasına görə ilin əvvəlindən onların azalması müşahidə olunmayıb", - Mövsümov deyib.

Onun sözlərinə görə, əgər ilin əvvəlində fondun aktivləri 14,9 milyard dollar təşkil edirdisə, hazırda bu göstərici 16 milyard dolları ötür.

"Aktivlərin artmasına baxmayaraq, ARDNF hələ xarici menecerlərin siyahısını genişləndirməyi planlaşdırmır. Bu gün fondun təsbit edilmiş gəlirliklə aktivlərin idarə edilməsi üzrə 3 meneceri var və ancaq digər növ aktivlərə vəsait yatırmağa dair qərar qəbul edildiyi halda, Neft Fondu yeni menecerlər cəlb edir", - Mövsümov deyib.

Neft Fondu Dünya Bankının xəzinə idarəsinə 100 milyon dollar verərək RAMP proqramı (Reserve Assests managment programme) ilə 2007-ci ildən əməkdaşlıq edir. Hazırda Dünya Bankının xəzinə idarəsində 114 milyon dollar var. RAMP proqramı 40 ildən çoxdur fəaliyyət göstərir.

Fondun menecerləri, həmçinin, Clarident (Credit Suisse-in şöbəsi) və Deutschebank Asset Management banklarıdır.

2010-cu ilin yanvarın 1-nə olan vəziyyətə görə, ARDNF-in aktivləri ötən ilin əvvəli ilə müqayisədə 32,8% artaraq 11 966,5 milyon manat (14 900,4 milyon dollar) təşkil edib. Fond 1999-cu ildə yaranan zaman onun aktivləri 271 milyon dollar olub.

Həmin dövrdə Dövlət Fondunun gəlirləri 5,96 milyard manat, xərcləri isə 5,43 milyard manat həcmində təsdiq olunub. Yəni faktiki olaraq daxilolmaların 90%-nin xərclərin ödənilməsinə yönəldilməsi planlaşdırılır.

Martın 11-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti