...

Azərbaycan bankı ABŞ-ın İnvestisiya Fondu ilə kredit sazişi imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2010 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Azərbaycan bankı "Rabitəbank" ASC və ABŞ-ın WorldBusiness Capital Inc (WBC) İnvestisiya Fondu arasında 5 milyon dollarlıq kredit müqaviləsi imzalanıb. Bu barədə bankın cümə axşamı yayılan məlumatında deyilir.

Saziş ABŞ-ın Xarici Özəl Sərmayələr Dövlət Agentliyi (Oversees Private Investment Corporation - OPIC) tərəfindən təsdiqlənib. Sazişə əsasən, cəlb olunan kreditin müddəti 10 il təşkil edəcək və vəsaitlər Azərbaycanda kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə sərf olunacaq. Bu, artıq Rabitəbankla WBC və OPIC arasında bağlanan ikinci kredit sazişidir. WBC İnvestisiya Fondundan cəlb olunmuş vəsaitin ümumi həcmi 10 milyon dollar təşkil edir.

Rabitəbank kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində uzunmüddətli təcrübəyə malikdir. Bankın mövcud kredit portfelinin 40%-dən çox hissəsi orta və kiçik biznes kreditləridir və bu növ kreditlərin maliyyələşdirilməsi məqsədilə bir neçə maliyyə qurumlarından, o cümlədən Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və İslam İnkişaf Korporasiyasından (IDC) maliyyə vəsaitləri cəlb olunub.

Rabitəbank 1993-cü ildən fəaliyyət göstərir. 31 dekabr 2009-cu il tarixinə bankın aktivləri 103 milyon manat, kapitalı 16 milyon manat təşkil edib. Rabitəbankın hazırda Bakıda 6 filialı, regionlarda 15 filial və şöbəsi olmaqla, ümumilikdə 21 filial və şöbəsi fəaliyyət göstərir.

World Business Capital Inc (WBC) keçid iqtisadiyyatı olan ölkələrdə kiçik və orta biznes layihələrinin maliyyələşdirilməsi sahəsində ixtisaslaşmış, ABŞ-ın nüfuzlu maliyyə institutudur.

Xarici Özəl Sərmayələr Korporasiyası (OPIC) ABŞ-ın xarici biznes sərmayələrinə dəstək verən dövlət agentliyidir. Eyni zamanda, OPIC sərmayələrin risklərini sığortalamaqla, keçid iqtisadiyyatında olan ölkələrdə özəl sektorun inkişafına dəstək verir. OPIC dünyanın 150 ölkəsində yeni və mövcud biznes layihələrini dəstəkləyir.

Aprelin 1-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti