Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir İ.Xəlilova/
"Texnika Bank" ipoteka portfelinin 2010-cu ilin sonunadək 100 milyon manatadək artırılmasını qarşısına vəzifə qoyub. Bu barədə bankın İdarə Heyətinin sədri Samir Hüseynov bildirib.
"Bu, ən az riskli alətlərdən biridir. Çünki ipoteka kreditləri uzunmüddətli dövr üçün verilir. Azərbaycanda ipoteka bazarı hələlik ilkin inkişaf mərhələsini yaşadığından, biz ən ödəmə qabiliyyətli müştəriləri seçə bilərik", - Hüseynov deyib.
Bu gün bankın kredit portfeli 75 milyon manat təşkil edir. Bu məbləğin 22 milyon manatı Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitlərindən, 8 milyon dolları Qara dəniz Ticarət və İnkişaf Bankının, 40 milyon manatdan çoxu isə "Texnika Bank"ın öz resursları hesabına verilir.
Onun sözlərinə görə, ilin sonunadək İpoteka Fondundan 5 milyon manat cəlb oluna bilər, yerdə qalan vəsait isə bankın öz hesabına təmin ediləcək.
"Hazırda biz ipoteka kreditləşməsi üçün xarfici borcların cəlb edilməsi üzrə danışıqlar aparırıq, lakin əlverişsiz şəraitlə bağlı onların cəlb edilməsinə tələsmirik", - Hüseynov bildirib.
Onun sözlərinə görə, ilin birinci yarısında ipotekaların maliyyələşdirilməsi üzrə sövdələşmələrlə bağlı gərgin əhval-ruhiyyənin saxlanıldığı beynəlxalq maliyyə bazarlarında problemlər olub, lakin bu gün vəziyyət yaxşılaşmağa başlayıb. Bu səbəbdən, bank hələlik ipoteka portfelinin sekyutirasiyasını apara bilmir.
"Belə sövdələşmələrin həyata keçirilməsi üçün bizdə yaxşı portfel formalaşıb, çünki bunun üçün portfel, ən azı, 75 milyon manat səviyyəsində olmalıdır", - Hüseynov deyib. - "Bizim belə planlarımız var, lakin indiki halda kapital bazarları sekyutirasiya üçün əlverişli deyil, çünki bir çox investorlar məhz sekyutirasiya üzrə əməliyyatlardan çox itiriblər. Bununla əlaqədar onlar hələ də sekyutirasiyaya böyük ehtiyatla yanaşırlar, lakin düşünürəm, bu il olmasa da 2011-ci ildə daha uzunmüddətli və ucuz resursların cəlb edilməsi üçün belə layihəyə başlamaq olar".
AİF-in şərtlərinə görə, Azərbaycanda adi ipotekanın verilməsinin maksimum həddi 50 min manat təşkil edir və 8 faiz dərəcə ilə 25 il müddətinə verilir. Sosial ipoteka 35 min manat təşkil edir və 4 faiz dərəcə ilə 30 il müddətinə verilir. Adi və güzəştli kreditlər üçün ilkin ödəniş 15 faizdir.
Avqustun 16-na rəsm məzənnə 0,8038 AZN/USD təşkil edir.