...

Yaxın beş il ərzində Azərbaycan bazarında icbari sığortanın payı artacaq - bazar iştirakçısı

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2011 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir A.Axundov/

Azərbaycan bazarında icbari sığortanın payının artımı yaxın beş il ərzində davam edəcək. Sonralar isə əgər icbari sığortanın yeni növləri tətbiq olunmazsa, sığortanın könüllü növlərinin payı artacaq. Bu barədə "Qarant Sığorta" şirkətinin idarə heyətinin sədri Vaqif Həsənov cümə axşamı Trend-ə müsahibəsində bildirib.

"Qarant Sığorta" Agentliyi "Qala Həyat" həyat sığortası şirkəti üçün satış xidmətləri göstərir, daha doğrusu agentliyimiz onların bədbəxt hadisələrdən həyat sığortası sahəsindəki sığorta polislərini satır. İstehsalatda bədbəxt hadisələrdən və əmək qabiliyyətinin itirilməsindən sığorta təklif etmək üçün olduğumuz bütün müəssisələrdə avtomobillərin, əmlakın, məsuliyyətin sığortası və sığortanın digər növləri üzrə əlavə müştərilərimiz yaranır", - Həsənov bildirib.

Onun sözlərinə görə, istehsalatda peşə xəstəlikləri və bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətinin itirilməsindən icbari sığorta ümumilikdə bazarda ciddi canlanmaya səbəb olur, çünki bu, sığorta şirkətləri üçün müəssisələrdə olmaq və öz barələrində danışmaq imkanı verir.

"Əvvəllər biz müştəriyə yaxınlaşmaq üçün min cür üsul axtarırdıq. Bunun üçün çox ciddi maneələr var idi. İndi isə bir sığorta növü satmaqla, biz müştərilərlə çox asanlıqla dil tapırıq və bizim onlara daha nə təklif edəcəyimiz barədə danışmağa çalışırıq", - Həsənov bildirib.

2010-cu ilin yekunları üzrə ölkədə fəaliyyət göstərən bütün sığorta şirkətlərinin mükafatlarının ümumi həcmi 155,59 milyon manat təşkil edib. 53,83 milyon manat həcmində isə ödənişlər həyata keçirilib.

Bu dövr ərzində Azərbaycanda cəmi 27 sığorta və bir təkrarsığorta şirkəti fəaliyyət göstərib.

Hesabat dövründə sığortanın icbari növü üzrə mükafatların ümumi həcmi 31,283 milyon manat (20,1 faiz) təşkil edib.Ödənişlər 8,56 milyon manat (15,9 faiz) olub.

Azərbaycanın Milli Məclisində "Sığortanın icbari növləri haqqında" yeni qanun üçüncü oxunuşda müzakirədədir.

"Sığortanın icbari növləri haqqında" yeni qanun layihəsi icbari sığortanın dörd növünü - daşınmaz əmlakın, avtonəqliyyat vasitələri sahiblərinin məsuliyyətinin, sərnişinlərin və daşınmaz əmlakın istismarı zamanı vətəndaş məsuliyyətinin sığortalanmasını tənzimləyir.

Mayın 13-nə rəsmi məzənnə 0,7908 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti