Azərbaycan, Bakı, 24 may /Trend/
May ayının 25-dən 27-dək regionunun qida sənayesinin vacib və əlamətdar hadisələrindən biri - "WorldFood Azerbaijan 2011" 17-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi keçirilir. Bu barədə "Iteca Caspian" şirkətinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Fəaliyyət göstərdiyi illər ərzində, "WorldFood Azerbaijan" sərgisi mövcud olan əlaqələrin möhkəmləndirilməsinə, yeni tərəfdaşların müəyyənləşdirilməsinə və Azərbaycanın qida sektorunda ən yeni texnologiyaların tətbiq edilməsinə imkan yaradan effektiv platforma və işgüzar meydançaya çevrilib. Bu il ilk dəfə sərgi "Bakı Ekspo" sərgi mərkəzində keçirilir ki, bu da ekspozisiya sahəsini genişləndirməyə imkan verəcək və iştirakçılar üçün göstərilən xidmətlərin səviyyəsini daha da yüksəldəcək.
"Iteca Caspian LLC" və "ITE Group PLC" şirkətləri sərginin təşkilatçıları qismində çıxış edirlər. "ITE Group plc" şirkətinin tərəfdaşlar şəbəkəsi - "EUF" (Türkiyə), "GIMA" (Almaniya), "ITE Gulf" (BƏƏ) kimi şirkətlər isə layihə üzərində işə cəlb edilmişlər. Bu şirkətlərin səyləri nəticəsində sözügedən sərgi özünün çoxsaylı beynəlxalq iştirakçı və ziyarətçiləri ilə fərqlənir. "WorldFood Azerbaijan" - bütün dünyada tanınmış "WorldFood" brendli sərgilərin bir hissəsidir və bu brend özündə Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Hindistan, Türkiyə və başqa ölkələrin qida sənayesinin ən böyük sərgilərini birləşdirir. Belə əməkdaşlıq, şübhəsiz ki, böyük bir üstünlükdür və həm onun təşkilatçılıq təcrübəsini öyrənməyə, həm də sərgi və onun iştirakçılarını bu ölkələrin bazarlarında fəal surətdə təşviq etməyə imkan verir. Artıq 6 ildir ki, sərgi "UFI" (Ümumdünya Sərgi Sənayesi Assosiasiyası) beynəlxalq sərgi cəmiyyəti tərəfindən təqdir olunur. "UFI tərəfindən təsdiq olunub" nişanı sərgilərin bütün beynəlxalq standartlara uyğun olmasına dəlalət edir və tədbirin yüksək səviyyədə təşkil edilməsini göstərir. 2011-ci ilin payız sərgilərinin tərəfdaşları qismində isə "Azerfon-Vodafone", AZAL, "Caspel", "Greenwich Travel Club" şirkətləri və "Qafqaz Point" mehmanxanası çıxış edirlər.
Bu sərginin əsas xüsusiyyəti nümayiş etdirilən texnologiya və avadanlıqların aktuallığı və perspektivliliyidir. "WorldFood Azerbaijan 2011" sərgisində 19 ölkədən 100 şirkət öz məhsul və texnologiyaları ilə iştirak edir və həmin texnologiyalar sayəsində avadanlıqların yüksək istismar səmərəsi təmin edilir, ölkənin qida sənayesində müasir təmayülləri tətbiq etmək imkanı yaranır. Sərgiyə Azərbaycan, Bolqarıstan, Almaniya, İran, Litva, Hollandiya, Rusiya, Ukrayna, Fransa və digər ölkələrdən iştirakçılar gələcək. Sərgi sahəsinin 30%-ni yerli şirkətlər tutur. Bu şirkətlər arasında həm sərginin daimi iştirakçıları, həm də sərgidə ilk dəfə iştirak edən, öz imkanlarını geniş auditoriya kütləsinə göstərmək üçün bu nadir fürsəti qaçırmayan dar ixtisaslı şirkətlər vardır. "WorldFood Azerbaijan 2011" sərgisi bir meydançada "WorldFood", "WorldDrink", "FoodPack", "WorldFoodTech" və "AgriHort" kimi 5 tematik ekspozisiyanı birləşdirir. Sərgiyə gələn qonaqlar "FoodPack" adlı ekspozisiyada qablaşdırma sahəsinin qabaqcıl material və avadanlıqları ilə tanış ola biləcəklər.
"WorldFoodTech" bölməsində isə ərzaq məhsullarının emalı və istehsalı sahəsində ən yaxşı texnoloji həll variantlarını, supermarketlər və laboratoriya analizləri üçün avadanlıqlar təqdim olunur. "AgriHort" bölməsi isə öz növbəsində kənd təsərrüfatı avadanlıqları və texnikalarını, həmçinin müxtəlif yemlər, əlavələr, gübrələr və baytarlıq preparatlarını təklif edir. Sərginin ənənəvi bölmələrində ət və quş əti məhsulları, süd məhsulları, dondurmalar, baqqaliyyə malları, konservləşdirilmiş ərzaq məhsulları, tərəvəz və meyvələr, uşaq və pəhriz qidaları və bir çox başqa məhsullar təqdim edilir.
Bu sərgi uzun müddətdir ki keçirilir, lakin buna baxmayaraq, getdikcə daha çox yeni iştirakı cəlb edir və təqdim olunan malların çeşidi daha da genişlənir. Belə ki, bu il sərginin 40%-ni debütantlar təşkil edəcək. Ölkədə qida məhsulları istehsalının artmasını nəzərə alaraq, bu il sərgi laboratoriya tədqiqatları üçün avadanlıqlar təklif edən şirkətləri təqdim edəcəkdir. Qlüten keçirməzliyindən əziyyət çəkən insanlar üçün pəhriz məhsulları təklif edən fransız şirkətinin sərgidə iştirakı pəhriz saxlayan insanlar üçün şad xəbər sayıla bilər. Sərginin debütantları arasında Azərbaycan ərazisində ilk dəfə olaraq qida sənayesinin və digər sənaye sahələrinin məhsulları üçün holoqramların istehsalını tətbiq edən yerli şirkət də təqdim ediləcək. Azərbaycanda keçirilən sərgilərdə iştirak edən peşəkar birliklər sırasına bu il Rusiyanın yağ-piy və sabun bişirmə sənayesinin istehsalat müəssisələri assosiasiyası da qoşulacaq.
May ayının 26-da sərgini müşayiət edən işgüzar proqram çərçivəsində halal məhsulların istehsalına başlamaq, halal standartı haqqında məlumatı bilavasitə bu sahənin mütəxəssislərindən əldə etmək istəyən şirkətlər üçün halal məhsul sənayesinə həsr olunan seminar keçiriləcəkdir. Bu tədbirin keçirilməsində məqsəd halal məhsul istehsalçılarının əməkdaşlıq imkanlarını genişləndirmək və Azərbaycan məhsullarının xarici ölkələrə ixracına kömək etməkdir.
Beləliklə, sərgi bu il də regionun qida və kənd təsərrüfatı sənayesi mütəxəssislərinin mühüm forumu statusuna layiq olduğunu sübut edəcəkdir. Bu gün ölkənin dövlət siyasəti iqtisadiyyatın qeyri-neft sektorunun genişlənməsinə yönəldilmişdir. Nazirlər Kabinetinin 2010-cu ilin nəticələrinə həsr edilmiş iclasına yekun vuran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etmişdir ki, 2011-ci ildə kənd təsərrüfatının inkişafının stimullaşdırılması üçün əlavə tədbirlər qəbul olunacaq və maddi yardımların ayrılması davam etdiriləcək.
"WorldFood Azerbaijan" sərgisi, qida sahəsini təmsil edən mütəxəssislərin illik görüşləri üçün etibarlı platforma olmaqla yanaşı, beynəlxalq əməkdaşlıqların qurulmasına, habelə qida məhsulları çeşidinin diversifikasiyasına şərait yaradacaq və Azərbaycanın ərzaq sektoruna investisiya qoyuluşlarının artırılmasına və ən yeni texnologiyaların tətbiqinə kömək edəcək.