...

Azərbaycanda bədbəxt hadisələrdən icbari sığorta üzrə müqavilələrin imzalanmamasına görə cərimələr artırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2011 17:39 (UTC +04:00)
Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə müqavilələrin imzalanmamasına görə cərimə sanksiyalarının məbləğinin artırılması planlaşdırılır.
Azərbaycanda bədbəxt hadisələrdən icbari sığorta üzrə müqavilələrin imzalanmamasına görə cərimələr artırılacaq

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir İ.Xəlilova/

Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə müqavilələrin imzalanmamasına görə cərimə sanksiyalarının məbləğinin artırılması planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin rəis müavini Məhərrəm Məhərov bildirib.

"Təklif artıq ölkənin Milli Məclisinə göndərilib", - Məhərov deyib.

İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq (maddə 253.1), müəssisə istehsalatda bədbəxt hadisə hallarından icbari sığorta üzrə müqavilələrin imzalanmamasına görə 150 manatdan 200 manatadək cərimələnə bilər.

"Əmək Müfəttişliyi tərəfindən hələlik cərimə sanksiyaları tətbiq olunmur, - Məhərov bildirib. - Qanunun tətbiqinə yenicə başlanılması ilə [2010-cu ilin dekabrında ilk müqavilə bağlanıb] əlaqədar, belə faktlar meydana çıxarkən onların aradan qaldırılması məqsədilə müəssisələrə onların məcburi yerinə yetirilməsi üçün müvafiq göstərişlər verilib".

Göstəriş yerinə yetirilmədiyi halda, elə həmin məcəlləyə uyğun olaraq (maddə 318.1), müəssisənin vəzifəli şəxsləri min manatdan iki min manatadək məbləğində cərimə ödəməli ola bilərlər.

Məhərovun dediyi kimi, Əmək Müfəttişliyi işəgötürənlərin əmək qanunvericiliyinə əməl etməsi üzrə dövlət nəzarəti çərçivəsində işçilərin sığortası məsələsini də araşdırır. Sığortanın olmaması ilə bağlı faktlar aşkar edildiyi halda, sığorta müqaviləsinin icbari bağlanması üçün sərəncam verilir və Dövlət Əmək Müfəttişliyi göstərişin yerinə yetirilməsinə nəzarət edir.

"Öz işçilərinin sığortalanmasından yayınan işəgötürənlərin işini qısa müddət ərzində yoxlamaq üçün Əmək Müfəttişliyi məlumata malik deyil", - Məhərov bildirib.

Bu gün ölkədə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə artıq 500 nəfərə yaxın adam sığortalanıb. Qanunun tətbiqinə 2010-cu ilin dekabrından başlanıb.

Qanun vətəndaşların istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsindən icbari sığortası sahəsində hüquqi, iqtisadi, təşkilati əlaqələrinin əsaslarını tənzimləyir və müəyyən edir.

Bu qanunun tətbiqinə 2010-cu ilin dekabrından başlandığını nəzərə alsaq, 14 minə yaxın müəssisə öz işçilərini sığortanın bu növü üzrə sığortalayıb.

Bu gün həyat sığortasında icbari sığortanın payı 90 faizə çatıb.

Rəsmi statistikaya görə, iyunun 1-nə olan vəziyyət üzrə işləyən əhalinin sayından muzdla işləyənləri 1,362 milyon nəfər təşkil edir və ölkədə 400 minə yaxın sahibkarlıq subyekti qeydiyyata alınıb.

Azərbaycanda hazırda həyat sığortası üzrə cəmi 3 şirkət fəaliyyət göstərir. Onlar istehsalatda peşə xəstəlikləri və bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətinin itrilməsi hallarından icbari sığorta üzrə xidmətlərin göstərilməsi üçün lisenziyaya malikdirlər. Bunlar "Atəşgah Həyat, "Qala Həyat" və "Paşa Həyat" şirkətləridir.

"Atəşgah Həyat" sığortanın bu növü üzrə 200 mindən çox işçini sığortalayıb. İlin birinci yarısında şirkət bu növ üzrə altı mindən artıq müqavilə imzalayıb.

Sığortanın bu növü üzrə "Paşa Həyat" şirkətinin müştərilərinin sayı 160 min nəfərə yaxın olub və şirkət 300-ə yaxın hüquqi şəxslə müqavilə imzalayıb.

7500-ə yaxın sahibkarlıq subyekti "Qala Həyat" şirkətinin müştərisi olub.

"Paşa Həyat" şirkətinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsindən icbari sığortalanan müştərilərin sayına görə digər life-şirkətlərdən geri qalmasına baxmayaraq, o, bu gün Azərbaycanın həyat sığortası bazarının lideridir.

Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatına görə, ilin birinci yarısında "Paşa Həyat" 6,218 milyon manat mükafat toplayaraq həyat sığortası bazarının 43 faizini və ölkənin bütün sığorta bazarının 6,33 faizini tutub.

4,613 milyon manat mükafat toplayan "Atəşgah Həyat" şirkətinin payına müvafiq olaraq 31,9 və 4,69 faiz, 3,542 milyon manatlıq yığımla isə "Qala Həyat" şirkətinin payına müvafiq olaraq 24,5 və 3,6 faiz düşüb.

Həyat sığortası bazarının 85 min manata uyğun olan 0,6 faizi bu ilin martında üç illik moratorium başa çatanadək xidmət göstərmiş life-sığorta şirkətlərinin payına düşür. Həmin moratoriuma görə, indi həyat sığortası ilə yalnız ixtisaslaşmış şirkətlər məşğul ola bilərlər. "Sığorta fəaliyyəti haqqında" qanuna uyğun olaraq 2011-ci ilin martında Non-life sığorta şirkətləri həyat sığortası müqavilələri bağlaya bilməzlər.

2011-ci ilin birinci yarısında könüllü həyat sığortası üzrə mükafatların ümumi həcmi 1,52 milyon manat təşkil edib, Azərbaycanın sığorta şirkətlərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsindən icbari sığorta üzrə mükafatları 12,938 milyon manat olub.

Nəzərə alsaq ki, icbari sığorta bazarının potensialı təxminən 30 milyon manat həcmində qiymətləndirilir, mövcud üç şirkət yarım il ərzində demək olar ki, bu bazarın yarısını artıq tutub.

Lakin iyunda bədbəxt hadisələrdən icbari sığorta üzrə yığımların artım tempində kəskin azalma müşahidə olunub.
İyunda yığımların həcmi yanvar-may ayları üzrə göstəricini 8,35 üstələyib. Halbuki mayda yığımlar yanvar-aprellə müqayisədə 37,12 faiz, apreldə yanvar-martla müqayisədə 46,13 faiz, martda yanvar-fevral ayları ilə müqayisədə üçqat artmışdı.

"Qarant Sığorta" Sığorta Şirkətinin idarə heyətinin sədri Vaqif Həsənovun sözlərinə görə, "Qala Həyat" şirkətinin məhsullarının satıldığı agent şəbəkəsi vasitəsilə ölkədəki şirkətlərin icbari həyat sığortası üzrə yığımlarının ən yüksək səviyyəsi arxada qalıb.

"Əvvəlcə sığorta şirkətləri işçiləri və iri şirkətləri sığortaladılar, indi bir neçə nəfərin çalışdığı daha xırda müəssisələr gəlir. Halbuki "dadlı tikələr" də məhz sonunculardır", - Həsənov bildirib.

O deyib ki, portfel nə qədər təbəqələşərsə, sığorta şirkətləri də özlərini bir o qədər rahat hiss edirlər.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətininin itirilməsi hallarından icbari sığorta müqaviləsi bir il müddətinə imzalanır.

İyulun 28-nə olan rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti