...

Azərbaycanda çay istehsalçılarının uzunmüddətli güzəştli kreditlərə ehtiyacı var - nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2011 12:58 (UTC +04:00)
Çayçılıqla məşğul olan sahibkarlara uzunmüddətli (15 ilədək) güzəştli kreditlərin verilməsi Azərbaycanın kənd təsərrüfatında bu sahənin inkişafına müsbət təsir göstərəcək.
Azərbaycanda çay istehsalçılarının uzunmüddətli güzəştli kreditlərə ehtiyacı var - nazir müavini

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir A.Axundov/

Çayçılıqla məşğul olan sahibkarlara uzunmüddətli (15 ilədək) güzəştli kreditlərin verilməsi Azərbaycanın kənd təsərrüfatında bu sahənin inkişafına müsbət təsir göstərəcək. Trend-in məlumatına görə, bu barədə kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyevin cümə axşamı rəsmi mətbuatda dərc edilmiş məqaləsində deyilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, məhsul yığımı mövsümünün başladığı vaxtdan 338,1 ton yaşıl çay yarpağı yığılıb ki, bu da ötən ilin analoji dövüründə toplanan məhsuldan 23,1 ton azdır.

Bununla yanaşı, 2011-ci ilin yeddi ayı ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 10,2 faiz, eləcə də bitkiçilik məhsulları 15,1 faiz artıb.

"Əldə olunan nailiyyətlərə baxmayaraq, Azərbaycanda bitkiçilik sahəsində bir sıra problemlərin həllinə ehtiyac var", - Əliyev deyib.

Onun sözlərinə görə, ölkədə kənd təsərrüfatı məhsullarının istehsal həcmlərinin artması ilə bu məhsulların saxlanması, satışı və hətta ixracı ilə bağlı əlavə problemlər meydana çıxır.

"Böyük miqdarda meyvə və tərəvəz itkisi müşahidə olunur. Bu problemin həll edilməsi məqsədilə ötən ildən regionlarda kənd təsərrüfatı məhsullarının saxlanma və satış bazalarının yaradılmasına başlanılıb", - Əliyev deyib.

Nazir müavininin sözlərinə görə, tərəvəz, meyvə, kartofun ixrac həcmlərinin artırılması üçün çeşidləmə və qablaşdırma məsələlərinə diqqətin artırılması vacibdir. Eləcə də investisiyaların qoyulması yolları müəyyən edilməlidir.
"İstehsalçıların istifadəsində olan bəzi torpaq sahələrinin uzun illərdir münbitliyinin yaxşılaşdırılmaması səbəbindən onlardan bəziləri istifadə üçün yararsız vəziyyətə düşüb", - Əliyev bildirib.

Onun sözlərinə görə, əkin sahələrindən istifadənin effektivliyinin artırılması üçün kiçik topraq sahələrinin sahiblərinin, xırda ailə və fermer təsərrüfatlarının könüllü əsasda kooperasiyada birləşmələri məqsədəuyğundur.

"Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsi apreldə Azərbaycan Parlamentində birinci oxunuşda qəbul edilib.

Bir müddət əvvəl Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyevin dediyi kimi, kənd təsərrüfatı kooperativlərini sovet dövründə mövcud olan kolxozlarla eyniləşdirmək düzgün deyil.

"Kolxozlar məcburi qaydada təşkil edilmişdi, onların qarşısında kəskin tələblər qoyulurdu və onlar şəxsi mülkiyyətə əsaslanmırdılar. Kolxozlardan fərqli olaraq, kooperativlər könüllülük əsasında yaradılır və müstəqil sahibkarlığa əsaslanır. Fermer istənilən vaxt öz əmlakını götürə və kooperativdən çıxa bilər. Dövlət qarşısında kooperativlər və onun iştirakçıları yalnız vergi məsuliyyəti daşıyırlar", - Quliyev əlavə edib.

Onun sözlərinə görə, qanun layihəsinin ikinci oxunuşda müzakirəyə çıxarılması üçün onun təkmilləşdirilməsi üzrə işlər davam edir. Bu məqsədlə xarici təcrübə öyrənilir.

"İndi ölkənin aqrar sahəsində 179 kooperativ fəaliyyət göstərir. Lakin bu, Azərbaycanın inkişaf edən kənd təsərrüfatı sistemi üçün yetərli deyil", - Quliyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti