Azərbaycan, Bakı, 11 noyabr /Trend müxbir A.Axundov/
Cümə günü Bakıda Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Macarıstanın Lisenziyalaşdırma İdarəsi metrologiya sahəsində texniki əməkdaşlıq sferasında qarşılıqlı anlaşma memorandumu imzalayıblar.
Azərbaycan tərəfdən sənədi Dövlət Komitəsinin rəhbəri Ramiz Həsənov, Macarıstan tərəfdən isə İdarənin baş direktorunun müavini Peter Pakay imzalayıblar.
Memorandum Azərbaycan və Macarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının Bakıda keçirilən ikinci iclası çərçivəsində imzalanıb. İclasın yekunları üzrə protokol da imzalanıb. Protokolu Azərbaycanın iqtisadi inkişaf naziri, hökumətlərarası komissiyanın həmsədri Şahin Mustafayev və Macarıstanın Milli İqtisadiyyat Nazirliyinin dövlət katibi Roza Nad imzalayıblar.
Protokol sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, İKT, elm və təhsil, turizm, mədəniyyət, ətraf mühitin mühafizəsi, maliyyə və bank sektorları, səhiyyə kimi sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ilin yanvar-avqustunda iki ölkə arasında mal dövriyyəsi 13,12 milyon dollar təşkil edib. Burada ixracatın payı 13,115 milyon dollardır.