Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir A.Axundov/
Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə hesab edir ki, Azərbaycanda məcburi sığortanın tətbiq olunması həm həkimlərin əməkhaqqı problemini həll edəcək, həm də ölkə əhalisinin sağlamlıq səviyyəsini yüksəldəcək.
Trend-in DİP-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə Mollazadə Milli Məclisin altı komitəsinin birgə iclasında 2012-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Yeni xəstəxanaların tikilməsi, müasir tələblərə cavab verən diaqnostik mərkəzlərin açılması müsbət haldır. Amma səhiyyə sahəsinin inkişafı, əhalinin pulsuz tibbi yardımdan faydalanması üçün məcburi tibbi sığorta sisteminin tətbiqi zəruridir. Ayda 80 manat maaş alan həkimlərin əməkhaqqını 10-20 manat artırmaqla onların problemini həll etmək olmaz. Azərbaycanda məcburi sığortanın tətbiq olunması isə həm həkimlərin əməkhaqqı problemini həll edəcək, həm də ölkə əhalisinin sağlamlıq səviyyəsini yüksəldəcək", - Mollzadə deyib.
"Məcburi tibbi sığorta haqqında" qanun hələ 1999-cu ildə qəbul edilib, hətta üç il əvvəl məcburi tibbi sığorta agentiliyinin yaradılmasına baxmayaraq, qanun heç cür işə düşmədi.
Təhsil sahəsinin problemlərinə də toxunan Mollazadə qeyd edib ki, müasir tipli təhsil komplekslərinin inşa olunmasına, məktəblərin yenilənməsinə adekvat olaraq təhsilin səviyyəsini də yüksəltmək lazımdır. Onun fikrincə, məktəbəqədər təhsil, orta təhsil, peşə təhsili və ali təhsillə bağlı müvafiq qanunvericilik bazası yaradılmalı və təhsilin bu sahələrində ciddi islahatlar aparılmalıdır.
"Büdcədən təhsilə ayrılan pullar birbaşa ailələrə istiqamətləndirilməlidir ki, valideynlər uşaqların təhsilinə əlavə vəsaitlər sərf eləməyə məcbur olmasınlar", - Mollazadə deyib.
DİP sədrinin sözlərinə görə, orta məktəbi bitirib ali təhsil almaq imkanı olmayan gənclərin texniki təmayüllü təhsilə yönəldilməsi vacibdir.
"Texniki təmayüllü məktəblərin təxminən 600-dən çoxunun binası özəlləşdirilib və şadlıq evlərinə çevrilib, nəticədə gənclik texniki təmayüllü təhsildən məhrum olub", - Mollazadə bildirib.
Onun sözlərinə görə, Prezidentin Boloniya sisteminə keçidlə və xaricdə təhsillə bağlı sərəncamlarının yerinə yetirilməsi ləngiyir.
"Dünyadakı 5 min universitet arasında Bakı Dövlət Universitetinin 621-ci yeri tutması faktı Boloniya sisteminə inteqrasiyadakı çatışmazlıqdır", - millət vəkili deyib.
Mollazadə çıxışında universitetlərin yataqxana probleminə də toxunub.
"Dünyanın bütün nüfuzlu universitetlərinin yataqxanaları var. Bizdə isə rayonlardan ali təhsil almağa gələn gənclər kifayət qədər bahalı şəhər olan Bakıda kirayədə qalmağa məcbur olurlar. Tələbələrin rahatlığını təmin etmək məqsədilə universitetlər üçün yeni yataqxanalar tikilməli və ya köhnə binalar təmir edilməlidir", - Mollazadə bildirib.