...

Milli, mənəvi və mədəni dəyərlərimizin təbliğinə həsr olunmuş tədbir keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2012 17:31 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi tərəfindən ölkəmizin milli, mənəvi və mədəni dəyərlərinin beynəlxalq səviyyədə təbliğinin stimullaşdırılmasına həsr olunmuş tədbir keçirilib.
Milli, mənəvi və mədəni dəyərlərimizin təbliğinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

İqtisadi İnkişaf Nazirliyi tərəfindən ölkəmizin milli, mənəvi və mədəni dəyərlərinin beynəlxalq səviyyədə təbliğinin stimullaşdırılmasına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycanın zəngin milli, mənəvi və mədəni dəyərlərinin öyrənilməsi, təbliği və nümayiş etdirilməsi sahəsində çalışan mütəxəssislər, sənətkarlar və iş adamları iştirak ediblər.

Nazirlikdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev və İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov beynəlxalq aləmdə Azərbaycana olan marağın artdığını, ölkəmizin dünya miqyaslı tədbirlərin keçirilməsi üçün məkana çevrildiyini, xarici qonaqların xalqımızın tarixi, adət-ənənələri, mədəni irsi, tarixi abidələri ilə daha yaxından tanış olmaq imkanlarının genişləndiyini vurğulayıb, bununla əlaqədar nazirliyin gördüyü işlər və qarşıda duran əsas vəzifələr barədə məlumat verib.

Bildirilib ki, milli, mənəvi və mədəni dəyərlərimizi özündə əks etdirən suvenir və xatirə əşyalarının istehsalı üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə dair sahibkarlıq subyektlərindən təkliflərin qəbulu ilə bağlı Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvafiq elan verilib.

Bu elan barədə ötən il "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi" və "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirlərində geniş məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda, dulusçuluğun inkişafı, toxuculuq, tikişçilik və xalçaçılıq müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatları keçirilib.

Artıq Fond tərəfindən xalçaçılıq, tikişçilik və toxuculuğun inkişafı ilə bağlı 8 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 128 min manat güzəştli kredit verilib.

Tədbirdə suvenir və xatirə əşyalarının satışının təşviqi məqsədi ilə Bakının müxtəlif yerlərində satış mərkəzlərinin təşkili, turistlərə təqdim olunan məlumat bazasına həmin satış mərkəzlərinin ünvanlarının daxil edilməsi barədə müzakirələr aparılıb. Həmçinin, Azərbaycanın milli, mənəvi və mədəni dəyərlərini yüksək zövq və müasir dizaynla əks etdirən suvenir və xatirə əşyalarının istehsalı və qablaşdırılmasını həyata keçirən, o cümlədən dizayn xidmətləri göstərən sahibkarlıq subyektlərinə Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərinin verilməsi barədə geniş fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Tədbir "Eurovision 2012" mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil edilməsi məqsədilə Azərbaycan Prezidenti tərəfindən 2011-ci il mayın 19-da imzalanan sərəncama uyğun olaraq keçirilib. Həmin sərəncamın icrası ilə bağlı İqtisadi İnkişaf Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilir.

Avropa Yayım İttifaqı tərəfindən təşkil olunan "Eurovision 2012" mahnı müsabiqəsi bu ilin may ayında Bakıda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti