Azərbaycan, Bakı, 7 may /Trend, müxbir A.Axundov/
Asiya İnkişaf Bankının (AİB) 2015-ci ildə keçiriləcək Rəhbərlər Şurasının 48-ci illik toplantısı Bakıda təşkil ediləcək. Bu qərar Bankın Rəhbərlər Şurasını Manilada keçirilən toplantısında qəbul edilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan Maliyyə Nazirliyinin yaydığı məlumatda deyilir.
Mayın 2-5-də keçirilən iclas rekord sayda iştirakçı toplayıb. Burada maliyyə nazirləri və digər yüksəkvəzifəli rəsmi şəxslər, biznes liderləri, alimlər də daxil olmaqla, 5 mindən artıq iştirakçı qeydiyyatdan keçib. İştirakçılar arasında vətəndaş cəmiyyətinin və KİV nümayəndələri də olub.
Toplantıda Azərbaycandan maliyyə naziri Samir Şərifov iştirak edib. Nazir AİB-in Rəhbərlər Şurasının 2015-ci ildə keçiriləcək 48-ci illik toplantısına Bakının ev sahibliyi etmək niyyətini iştirakçıların diqqətinə çatdırıb. O, ölkənin cari iqtisadi vəziyyətinin, siyasi sabitliyin, eyni zamanda Bakı şəhərində yaradılmış yüksək standartlara uyğun infrastrukturun bu cür əhəmiyyətli tədbiri keçirməyə imkan verdiyini vurğulayıb.