...

"Təmiz Şəhər" ASC Asiya Təmiz Enerji Forumunda iştirak edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2012 17:38 (UTC +04:00)
İyunun 4-8-də Asiya İnkişaf Bankı tərəfindən Filippinin Manila şəhərində Asiya Təmiz Enerji Forumu keçirilir.
"Təmiz Şəhər" ASC Asiya Təmiz Enerji Forumunda iştirak edir

Azərbaycan, Bakı, 7 iyun /Trend/

İyunun 4-8-də Asiya İnkişaf Bankı tərəfindən Filippinin Manila şəhərində Asiya Təmiz Enerji Forumu keçirilir.

Trend-in məlumatına görə, tədbirdə beynəlxalq maliyyə institutları, bərpa olunan enerji üzrə aparıcı əməliyyat və məsləhətçi şirkətlər və digər təşkilatlar iştirak edir. Asiya ölkələri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən nümayəndələrin iştirak etdiyi tədbirə ümumilikdə 55 ölkədən 380-dən çox iştirakçı və 1000-dən çox dinləyici qatılıb.

Tədbirdə Azərbaycan tərəfindən İqtisadi İnkişaf Nazirliyinin adından "Təmiz Şəhər" ASC, Maliyyə Nazirliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti və "Azərenerji" ASC-nin nümayəndələri iştirak edir.

Forum çərçivəsində iyunun 7-də keçirilmiş görüşdə "Təmiz Şəhər" ASC-nin Layihələrin idarə edilməsi və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov təqdimatla çıxış edib və hazırda tikintisi başa çatmaqda olan Bərk Məişət Tullantılarının Yandırılması Zavodu haqqında tədbir iştirakçılarına məlumat verib. Qeyd olunub ki, zavod 500 min ton məişət tullantısını zərərsizləşdirməklə yanaşı, alternativ enerji kimi 231 milyon kvt/s enerji istehsal edəcək ki, bu da 50 ailənin enerjiyə olan ehtiyacını təmin edəcək.

Məmmədov çıxışında zavodda istifadə olunan innovativ və müasir texnologiyalar, ətraf mühitin mühafizəsi üçün istifadə olunan çox pilləli filtr sistemi barədə də məlumat verib. Təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb və panel müzakirələri zamanı çoxsaylı suallar cavablandırılıb.

Bir sıra tədbir iştirakçıları zavodun fəaliyyəti ilə əyani şəkildə tanış olmaq istədiklərini və bu təcrübənin Asiya ölkələri tərəfindən öyrənilməli olduğunu bildiriblər.

Xəbər lenti

Xəbər lenti