...

Azərbaycanda istehsalatda bədbəxt hadisələrin sayı 25 faiz azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2012 19:24 (UTC +04:00)
Yanvar-iyun aylarının yekunları üzrə Azərbaycanda istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 25 faiz azalaraq 128-dən 96-ya enib.
Azərbaycanda istehsalatda bədbəxt hadisələrin sayı 25 faiz azalıb

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir Ə.Həsənov/

Yanvar-iyun aylarının yekunları üzrə Azərbaycanda istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 25 faiz azalaraq 128-dən 96-ya enib. Trend-in məlumatına görə, bu barədə cümə günü əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov 2012-ci ilin birinci yarımilində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib.

"Müvafiq olaraq, belə hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 53-dən 28-ə enib", - nazir deyib.

Qeyd olunan müddətdə 3526 müəssisədə əmək qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti nəticəsində 8583 qanun pozuntusu aşkar olunub.

"Görülən tədbirlər çərçivəsində 282026 manat gecikdirilmiş ödəmələrin, o cümlədən 233697 manat gecikdirilmiş əməkhaqqının işçilərə ödənilməsi, qeyri-qanuni işdən azad edilmiş 51 nəfərin əvvəlki işinə bərpa olunması, 960 nəfər işçi ilə əmək müqaviləsinin bağlanılması təmin edilib", - Ələkbərov qeyd edib.

İclasda vurğulanıb ki, cari ilin 1 iyul tarixinə respublikada 634491 nəfəri əhatə edən 142886 ailənin hər birinə ayda orta hesabla 109,50 manat olmaqla ünvanlı yardım verilib.

Dövlət başçısının növbədə dayanan bütün müharibə əlilləri və şəhid ailələrinin yaxın bir neçə ildə yeni mənzillə təmin olunmaları üçün verdiyi tapşırıqlara əsasən, bu vaxtadək artıq 5000-ə yaxın mənzil tikilərək istifadəyə verilib, cari ilin sonunadək isə Bakı və regionlarda daha 400 mənzilin tikintisi başa çatacaq.

"Yaxın aylarda Bakıda və ölkənin 9 rayonunda daha 510 mənzilin tikintisi başlayacaq", - kollegiyada qeyd edilib.

Nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin nəticəsi olaraq, cari ilin 6 ayında 13 519 nəfər vətəndaş münasib işlə təmin edilib, peşə hazırlığı kurslarına 1797 nəfər, haqqı ödənilən ictimai işlərə isə 778 nəfər cəlb olunub.

Xəbər lenti

Xəbər lenti