Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir A.Axundov/
2020-ci ilədək Azərbaycan ÜDM-nin 80 faizi qeyri-neft sektorunun payına düşəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı iqtisadi inkişaf naziri Şahin Mustafayev "The Business Year" jurnalının təqdimatında deyib.
"Ölkə ÜDM-nin formalaşdırılmasında qeyri-neft sektorunun rolu artacaq. Əgər indi ÜDM-in 48 faizi qeyri-neft sektorunun, 52 faizi neft sahəsinin payına düşürsə, 2020-ci ilədək bu göstəricinin müvafiq olaraq 80 və 20 faiz olacağı proqnozlaşdırılır. Bununla da Azərbaycan iqtisadiyyatı neft sektoru asılılığından xilas olacaq", - Mustafayev bildirib.
Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı son 10 ildə 3 dəfə, qeyri-neft ÜDM-i 2,4 dəfə, büdcə gəlirləri 14 dəfə, strateji valyuta ehtiyatları isə 13 dəfə artıb.
"Azərbaycan dünya iqtisadiyyatında böhran təzahürlərinə davamlılıq nümayiş etdirir. Hazırda Azərbaycan iqtisadiyyatı artmaqda davam edir, Cənubi Qafqaz ÜDM-nin 75 faizi Azərbaycanın payına düşür", - nazir əlavə edib.
Onun sözlərinə görə, hazırda Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcmi 114 milyard dolları ötüb ki, bu vəsaitin 51 faizi xarici investisiyaların payına düşür.
"Ölkədə investisiya fəaliyyəti ilə bağlı vəziyyət 2008-ci ildən dəyişməyə başlayıb: daxili investisiyaların payı artmağa başladı ki, bu da ölkə iqtisadiyyatının potensialının və özəl sektorun imkanlarının genişlənməsi ilə bağlıdır. Ötən il investisiyaların 60 faizi daxili kapital qoyuluşlarının payına düşüb", - Mustafayev qeyd edib.
Nazirin sözlərinə görə, hazırda ölkədə 80 min sahibkar-hüquqi şəxs qeydiyyata alınıb, onlardan 42 mini Bakıdadır. 432 min sahibkar-fiziki şəxs qeydiyyata alınıb ki, bunlardan 157,3 mini Bakıdadır.