Azərbaycan, Bakı, 7 avqust /Trend/
Azərbaycan Mərkəzi Bankı "İnformasiya əldə etmək haqqında" qanunun 11-ci maddəsinə əsasən, habelə Azərbaycan Prezidentinin 5 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökümətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın 1.1-ci bəndinin icrasının təmin edilməsi məqsədilə "İnformasiya sorğuları ilə bağlı işin təşkilinə dair Azərbaycan Respublikası Mərkəzi Bankının daxili icraat Qaydaları"nı təsdiq edib.
Bankdan Trend-ə verilən məlumata görə, müvafiq sərəncama əsasən, kütləvi informasiya vasitələrindən daxil olan informasiya sorğuları ilə bağlı Kommunikasiya Departamentinin direktoru, "Qaynar xətt"ə daxil olan informasiya sorğuları ilə bağlı Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət Departamentinin direktoru və digər informasiya sorğuları ilə bağlı Ümumi şöbənin rəisi Mərkəzi Bankın informasiya azadlığı üzrə məsul şəxsləri təyin edilib.
"İnformasiya sorğuları ilə bağlı işin təşkilinə dair Azərbaycan Respublikası Mərkəzi Bankının daxili icraat Qaydaları" sənədi Mərkəzi Bankın internet səhifəsinin (www.cbar.az) "Hüquqi sənədlər" bölməsində yerləşdirilib.