...

Beynəlxalq Mülki Aviasiya Təşkilatı: Azərbaycan ərazisi olan Xocalı aeroportuna icazəsiz uçuşların yerinə yetirilməsi yolverilməzdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2013 13:25 (UTC +04:00)
2013-cü ilin 24 sentyabr-04 oktyabr tarixlərində Kanadanın Monreal şəhərində Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Assambleyasının 38-ci sessiyası keçirilib.
Beynəlxalq Mülki Aviasiya Təşkilatı: Azərbaycan ərazisi olan Xocalı aeroportuna icazəsiz uçuşların yerinə yetirilməsi yolverilməzdir

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir E. İsmayılov/

2013-cü ilin 24 sentyabr-04 oktyabr tarixlərində Kanadanın Monreal şəhərində Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Assambleyasının 38-ci sessiyası keçirilib. Bu barədə Trend Dövlət Mülki Aviasiya Administrasiyasının rəsmi saytına istinadən xəbər yayıb.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının (DMAA) direktoru Fuad Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycan Respublikasının Kanadadakı səfiri F. Şəfiyev, DMAA Xarici əlaqələr şöbəsi müdirinin müavini S. Bağırov və Azərbaycan Respublikasının Kanadadakı Səfirliyinin müşaviri E. Həbibzadə daxil idi.

Sessiyada əsas diqqət mülki aviasiyanın təhlükəsiz və iqtisadi cəhətdən səmərəli fəaliyyəti məsələlərinə yönəlmişdi. ICAO-nun 2010-2013-cü illər ərzindəki fəaliyyətinə dair hesabatlar dinlənildi. Azərbaycan Respublikasının maraqlarından çıxış edərək nümayəndə heyətimiz Avropa İttifaqının Avropa Mülki Aviasiya Konfransı (ECAC), Dövlətlərarası Aviasiya Komitəsi (DAK) və Türkiyə ilə birlikdə təqdim etdiyi bir sıra sənədləri dəstəklədi. Gündəlikdəki məsələlərdən biri dövlətlərin növbəti üç il müddətinə ICAO Şurasına seçilməsi idi. Əvvəlki sessiyada olduğu kimi, bu dəfə də elektron səsvermə sistemi tətbiq edildi.

Azərbaycan nümayəndə heyəti plenar iclaslarda iştirakla yanaşı, bir sıra görüşlər keçirib.
Oktyabrın 1-də Azərbaycan nümayəndə heyəti ICAO-nun Baş katibi Raymon Bencamin tərəfindən qəbul edilib. Azərbaycan tərəfinin xahişi ilə təşkil olunmuş görüşdə Azərbaycanın aviasiya hakimiyyəti ilə ICAO arasında inkişaf edən münasibətlər müzakirə edilib. Həmçinin Azərbaycan Respublikasının işğal olunmuş ərazisindəki Xocalı aeroportuna uçuşların yerinə yetirilməsi məsələsinə toxunulub. ICAO-nun Baş katibi ərazi bütövlüyü Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən tanınan və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı dörd qətnaməsi ilə təsdiq edilən Azərbaycan Respublikasının ərazisi üzərindən icazəsiz uçuşların yerinə yetirilməsinin yolverilməz olduğunu təsbit edib. Görüşdə ICAO-nun Avropa və Şimali Atlantika Bürosunun (Paris) direktoru Luis Fonseka de Almeyda iştirak edirdi.

Bu məsələ Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Baş direktoru Toni Taylerlə dostluq şəraitində keçən görüşdə də gündəmə çıxarıldı. Xocalı aerportuna uçuşların təşkilinin qarşısının alınmasına yönəlmiş Azərbaycan tərəfinin səylərinin dinc xarakter daşıdığını qeyd edən IATA rəhbərliyi ICAO-nun mövqeyini dəstəklədiyini və işğal altında olan ərazi ilə müntəzəm hava əlaqəsinin qurulması cəhdlərinə mənfi münasibətini təsdiq etdi. Avropa İttifaqının ICAO-dakı nümayəndəliyi tərəfindən təşkil olunmuş görüşdə Vahid Aviasiya Məkanı haqqında Sazişin (ECAA Agreement) razılaşdırılmasının davam etdirilməsi və daha sonra imzalanmasının mümkünlüyü məsələsi müzakirəyə çıxarıldı. Azərbaycan nümayəndə heyəti indiki dövrdə Azərbaycan aviasiya müəssisələrinin sazişin tələbləri çərçivəsində fəaliyyətə hazır olmaması və Azərbaycan Respublikasının aviasiya sektoruna irimiqyaslı dövlət investisiyalarının yönəldiyi bir vaxtda sazişin imzalanmasının mənfi nəticələri barərə qarşı tərəfə məlumat verdi.

Azərbaycan nümayəndə heyəti "Black Sea Caspian Rotation Group" çərçivəsində qeyri-rəsmi görüşlər keçirib. Türkiyə Respublikası namizədinin ICAO-nun Aeronaviqasiya Komissiyasına irəli sürülməsi ilə əlaqədar Türkiyə nümayəndə heyəti Azərbaycan Respublikası, Türkiyə, Gürcüstan və Ukrayna nümayəndə heyətlərinin görüşünü keçirmək təklifi ilə çıxış edib. Məhsuldar müzakirələrin gedişində Türkiyə namizədinin dəstəklənməsi ilə bağlı praktik məsələlər və Rotasiya qrupunun bu istiqamətdə görəcəyi tədbirlər müəyyən olunub.
Sessiya zamanı Azərbaycan nümayəndə heyəti digər ölkə və təşkilatların nümayəndə heyətləri ilə də ikitərəfli görüşlər keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti