Azərbaycan, Bakı, 28 oktyabr /Trend/
İqtisadiyyat və Sənaye Nazirliyində geniş müşavirə keçirilib. Müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və dövlət başçısının andiçmə mərasimindəki çıxışlarından irəli gələn tapşırıqların icrası, İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilmişdir. Bu barədə Trend-ə bazar ertəsi nazirlikdən daxil olan məlumatda deyilir.
Müşavirədə çıxış edən nazir Şahin Mustafayev bu ilin oktyabrın 9-da keçirilmiş beynəlxalq standartlara uyğun, demokratik, şəffaf, azad və ədalətli seçkilərdə möhtəşəm və parlaq qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə cənab İlham Əliyevi İqtisadiyyat və Sənaye Nazirliyinin kollektivi və öz adından təbrik etmişdir. Şahin Mustafayev bu böyük tarixi hadisə münasibətilə Nazirliyin kollektivini də təbrik edərək, dövlət başçısının qarşıya qoyduğu vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi üçün Nazirlik əməkdaşlarının bütün qüvvə və bacarığını sərf edəcəklərini vurğulamışdır.
Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə qazanılmış iqtisadi uğurlar barədə məlumat vermiş, bu uğurların 2013-cü ilin 9 ayında da davam etdiyini qeyd etmiş, bütün bunların həyata keçirilən düşünülmüş, uzaqgörən və praqmatik siyasətin göstəriciləri olduğunu bir daha diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı bu ilin 9 ayında görülmüş işlərə yekun vurmuş, qarşıdakı dövrdə hərtərəfli inkişaf kursunun davam etdirilməsi və daha da möhkəmləndirilməsi üçün mühüm vəzifələr müəyyənləşdirmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, qeyri-neft ixracının artırılması, süni qiymət artımına yol verilməməsi, 2013-cü ilin sonunadək Dövlət İnvestisiya Proqramının tam icra olunması, növbəti ildə Dövlət İnvestisiya Proqramının genişləndirilməsi, xarici və daxili investisiyaların artırılması barədə konkret tapşırıqlar vermişdir.
Dövlət başçısının çıxışında sənayeləşmə siyasətinin davam etdirilməsinə xüsusi diqqət yetirilmiş, Sumqayıt Kimya Sənaye Parkının ən qısa müddətdə fəaliyyətə başlaması, regionların sosial-iqtisadi inkişafına dair 3-cü Dövlət Proqramının hazırlanması, növbəti 5 ildə bölgələrdə mövcud olan bütün sosial və iqtisadi məsələlərin həll edilməsi, 2014-cü ildə Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramının davam etdirilməsi, yeni iş yerlərinin açılması, məktəb tikintisinin, içməli su xətlərinin çəkilişinin davam etdirilməsi kimi mühüm vəzifələr qarşıya qoyulmuşdur. İclasda ölkə rəhbəri tərəfindən ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, əsas məhsullar üzrə özünü təminetmənin 100%-ə çatdırılması, iri fermer təsərrüfatlarının yaradılmasının davam etdirilməsi, yeni dövriyyəyə buraxılan suvarılan torpaqlarda görüləcək işlər barədə konkret təkliflərin hazırlanması və s. barədə mühüm tapşırıqlar verilmişdir.
Nazir Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin andiçmə mərasimindəki proqram xarakterli çıxışında ölkəmizin qarşıdakı illərdə inkişaf istiqamətlərini müəyyənləşdirildiyini diqqətə çatdırmışdır. Belə ki, dövlət başçısı iqtisadiyyatın şaxələndirilməsini, iqtisadi islahatların davam etdirilməsini, uğurlu inkişaf tempinin saxlanılması və artırılmasını, iqtisadiyyatın hər bir sahəsinin inkişafı ilə bağlı olan proqramların icra edilməsini, iqtisadiyyatın artımına qeyri-neft sektorunun inkişafı hesabına nail olunmasını, sənayeləşmə siyasətinin davam etdirilməsini, ağır sənayenin inkişafı ilə bağlı böyük layihələrin icra edilməsini, texnoparkların, sənaye zonalarının yaradılmasının davam etdirilməsini, investisiyaların cəlb edilməsi və xarici bazarlara investisiyaların qoyulmasını, sahibkarlığın inkişafını, daxili istehsalçılara daha əlverişli şəraitin yaradılması və s. kimi hədəflər müəyyən etmişdir.
Prezident İlham Əliyev çıxışında qarşıdakı illər üçün qarşıya həmçinin, sosial siyasətin prioritetliyi, sosial proqramların icrası, sosial infrastrukturun daha da inkişaf etdirilməsi, yoxsulluğun azaldılması, iqtisadiyyatın demoqrafik inkişafla uzlaşdırılması, ərzaq təhlükəsizliyinin tam təmin edilməsi kimi mühüm vəzifələr qoymuşdur. Dövlət başçısı növbəti 5 il ərzində kənd təsərrüfatının inkişafı, böyük suvarma layihələrinin icrası, informasiya-kommunikasiya texnologiyalarının inkişafı siyasətinin davam etdirilməsi, elektron xidmətlərin sayının artırılması, məmur-vətəndaş münasibətlərinə xüsusi diqqət göstərilməsi, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi barədə tapşırıqlar vermişdir. Bütün bunlar Azərbaycanın iqtisadi qüdrətinin daha da artmasına, xalqımızın həyat səviyyəsinin yüksəlməsinə, ən başlıcası isə insan amilinə xidmət edir.
Müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və dövlət başçısının andiçmə mərasimindəki çıxışlarından irəli gələn tapşırıqların həyata keçirilməsi üçün konkret müddət və icraçılar göstərilməklə Tədbirlər Planının hazırlanması, Nazirliyin strukturları tərəfindən Tədbirlər Planında nəzərdə tutulan işlərin gedişi barədə mütəmadi olaraq hesabatların dinlənilməsi qərara alınmışdır.
Müşavirədə nazir Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması haqqında" 22 oktyabr tarixli Sərəncamının Nazirliyə böyük etimad olduğunu vurğulamış, qarşıya mühüm vəzifələr qoyulduğunu diqqətə çatdırmış, bu vəzifələrin icrası üçün Nazirliyin fəaliyyətinin səmərəli təşkili istiqamətində müvafiq tapşırıqlar vermişdir.