Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir E.Əliyev/
2013-cü ilin yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyyatına qoyulan xarici investisiyaların ümumi həcmi 3,78 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 31,18 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların 87,4 faizi (3301,4 milyon manat) Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə, Çexiya və Fransa investorlarının payına düşür.
Əvvəlki kimi Böyük Britaniya liderlik mövqeyini qoruyur. Onun xarici investisiyaların ümumi həcmində xüsusi çəkisi 35,9 faiz, investisiyaların özü isə 1,354 milyard manat təşkil edib.
Norveç investisiyaları 467,6 milyon manat (xüsusi çəkisi 12,4 faiz), ABŞ - 454,64 milyon manat (12 faiz), Yaponiya - 346,06 milyon manat (9,2 faiz), Çexiya - 258,11 milyon manat (6,8 faiz), Türkiyə - 270,53 milyon manat (7,2 faiz), Fransa - 149,99 milyon manat (3,9 faiz), Rusiya və İran - hər biri 118,72 milyon manat (hər biri 3,1 faiz) təşkil edib.
Beynəlxalq maliyyə institutlarından ən böyük investisiya həcmi Dünya Bankı tərəfindən qoyulub (3,7 faiz xüsusi çəki ilə 139,1 milyon manat). Asiya İnkişaf Bankı yanvar-noyabr aylarında Azərbaycanda layihələrin reallaşdırılmasına 42,3 milyon manat (1,1 faiz), İslam İnkişaf Bankı isə 9,27 milyon manat (0,3 faiz) ayırıb.