...

Şahin Mustafayev: Əldə edilən uğurlar Prezident İlham Əliyevin inkişaf modelinin müasir çağırışlara cavab verdiyini nümayiş etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2014 13:15 (UTC +04:00)
"On bir il bundan əvvəl birinci dəfə prezident vəzifəsinə seçiləndə cənab İlham Əliyev bəyan etmişdi ki, “Mən Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasətini davam etdirəcəyəm. Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm”.
Şahin Mustafayev: Əldə edilən uğurlar Prezident İlham Əliyevin inkişaf modelinin müasir çağırışlara cavab verdiyini nümayiş etdirir

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir Azad Həsənli/

"On bir il bundan əvvəl birinci dəfə prezident vəzifəsinə seçiləndə cənab İlham Əliyev bəyan etmişdi ki, "Mən Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasətini davam etdirəcəyəm. Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm".

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Trend-ə bildirib ki, ötən müddət ərzində bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən böyük əzm və məharətlə düşünülmüş və məqsədyönlü şəkildə həyata keçirilməsi nəticəsində bu gün müstəqil Azərbaycan Respublikası demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir:

"Məhz cənab Prezidentin gündəlik çoxşaxəli fəaliyyətinin nəticəsidir ki, tarix baxımından o qədər də böyük olmayan son 10 il ərzində müstəqil Azərbaycan dövləti yeni inkişaf mərhələsinə qədəm qoyaraq bir çox zirvələri fəth etmiş, siyasi sabitliyin, xalqla dövlətin birliyinin daha da möhkəmlənməsinə nail olmuş, iqtisadi qüdrəti günü-gündən artan, etibarlı tərəfdaş kimi dünyada yüksək nüfuza malik olan ölkəyə çevrilmişdir. Əldə edilən bu uğurlar Prezident İlham Əliyevin müəllifi olduğu inkişaf modelinin müasir çağırışlara cavab verdiyini, davamlı yüksəlişə yol açdığını real faktlar əsasında nümayiş etdirir. Mən bu gün onların bəzilərinin üzərində xüsusi dayanmaq istərdim.

Cənab Prezidentin sosial iqtisadi inkişaf strategiyasının ən səciyyəvi cəhətlərindən biri bu strategiyanın elmi əsaslara söykənməsi, hər bir sahənin inkişafı üçün konkret hədəf və məqsədlərin, onlara nail olunma yollarının dəqiq müəyyən edilməsidir. Təsadüfi deyil ki, son 10 il ərzində 174 dövlət proqramı təsdiq edilmiş, onlardan 104-ü tam icra olunmuş, digərləri icra olunmaqdadır".

Ş.Mustafayev qeyd edib ki, bu proqramların uğurlu icrası nəticəsində iqtisadiyyatın bütün sahələrində dinamik inkişaf təmin olunmuş, ÜDM 3 dəfə artmış, artıq 6 ildən çoxdur ki, dünyada davam edən və siyasi, iqtisadi, sosial kataklizmlərlə müşaiyət olunan böhran proseslərinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı davamlı şəkildə inkişaf etmiş, qarşıya qoyulmuş məqsədlərə nail olunmuş, nəzərdə tutulmuş bütün işlər yerinə yetirilmişdir:

"Hətta son zamanlar bəzi region ölkələrində yaşanan ciddi iqtisadi problemlər, qiymətlərin sürətlə artması, valyuta bazarlarında kəskin təlatümlər fonunda da Azərbaycan iqtisadiyyatı yüksək dayanıqlıq nümayiş etdirir, həyata keçirilən siyasətin alternativsiz olduğunu bariz şəkildə göstərir.

Cənab Prezidentin qeyd etdiyi kimi, ölkəmiz "bu mürəkkəb regionda bir sabitlik adasıdır və təbii ki, bu da davamlı iqtisadi inkişafın başlıca amillərindən biridir".

Sözsüz ki, Azərbaycanın davamlı iqtisadi inkişafında Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası tarixi əhəmiyyət kəsb edir. Dövlət başçısının qeyd etdiyi kimi "Son illərdə həyata keçirilən neft strategiyası bu yolun düzgün olduğunu bir daha sübut etdi. Neft faktoru bizim üçün vasitədir. Müstəqilliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində bir vasitədir".

Onun sözlərinə görə, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi möhtəşəm transmilli layihələrin istifadəyə verilməsi nəticəsində bu gün ölkəmiz nəinki regionun, hətta Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır: "Bu strategiyanın davamı olaraq Cənub Qaz Dəhlizinin təməlinin qoyulması, yeni əsrin kontraktı adlandırılan Şahdəniz-2 layihəsi üzrə investisiya sazişinin imzalanması Azərbaycanı dünyanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcək, bununla da hələ uzun illər xalqımızın rifahına öz əhəmiyyətli töhfəsini verəcəkdir.

Prezident İlham Əliyevin müdrik siyasətinin ən mühüm nəticələrindən biri Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsidir. 10 il ərzində 20 elektrik stansiyasının inşa olunması, 2300 meqavattdan artıq yeni generasiya gücünün yaradılması, enerji infrastrukturunun yenilənməsi nəticəsində daxili tələbat tam təmin olunmuş, ölkəmiz enerji idxalatçısından ixracatçıya çevrilmişdir".

Ş.Mustafayev bildirib ki, son 10 ildə ölkənin iqtisadi inkişafının dayanaqlığının təmin olunmasında, dünya iqtisadiyyatında cərəyan edən böhran meyllərinin mənfi təsirinin qarşısının alınmasında Prezident İlham Əliyevin elə ilk günlərdən bəyan etdiyi və uğurla həyata keçirdiyi iqtisadiyyatın şaxələndirilməsi siyasəti həlledici rola malik olmuşdur. Əgər əvvəlki illərdə ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 37% təşkil edirdisə, bu gün artıq bu sektorun payı 59%-ə çatmışdır və iqtisadiyyatın strukturundakı bu müsbət dinamika davam etməkdədir:

"İqtisadiyyatın şaxələndirilməsinin ən mühüm istiqamətlərindən biri aparılan sənayeləşdirmə siyasəti, xüsusilə qeyri-neft sənayesinin inkişafı ilə bağlı görülən kompleks tədbirlərdir. Son on ildə Azərbaycanda sənayeləşmə templəri yüksəlmiş, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuş, onun regional strukturunun təkmilləşdirilməsi əsas prioritetlərdən biri olmuşdur. Bu müddət ərzində metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişlənməklə bərabər, cənab Prezidentin şəxsi təşəbbüsü ilə yeni sənaye sahələri yaradılmişdır. Belə ki, ilk süni peykin orbitə buraxılması ilə kosmik sənayenin əsası qoyulmuş və hazırda növbəti peyklər uçuşa hazırlanır. Yeni yaradılmış müdafiə sənayesi artıq ordumuzu müasir silahlarla təchiz etməklə bərabər, onun məhsulları beynəlxalq sərgilərdə də uğurla nümayiş etdirilir və maraqla qarşılanır. Alternativ və bərpa olunan enerji sahəsində bir sıra müəssisələr fəaliyyətə başlamış, yeni perspektivli layihələr həyata keçirilməkdədir. Gəmi istehsalı zavodunun fəaliyyətə başlaması ilə sənayenin tamamilə yeni sahəsinin əsası qoyulmuş və istehsal profilinə görə bu müəssisənin regionda analoqu yoxdur.

Eyni zamanda, metallurgiya sahəsində ilk dəfə son məhsulun istehsalına qədər bütün texnoloji mərhələləri əhatə edəcək "Azərbaycan Polad İstehsalı Kompleksi"nin yaradılması sənayedə klasterlərin formalaşmasına əsaslanan yeni inkişaf mərhələsindən xəbər verir.

Ümumilikdə, görülmüş irimiqyaslı işlərin nəticəsində, son 10 ildə müasir texnologiyalara əsaslanan yüzlərlə müəssisə fəaliyyətə başlamış, bir sıra sənaye məhsulları ilə özünütəminat səviyyəsi yüksəlmiş, qeyri-neft sənayesi 2.2 dəfə, o cümlədən tikinti materiallarının istehsalı 2.5 dəfə, elektrik avadanlıqlarının istehsalı 2.1 dəfə, metallurgiya sənayesi 2.2 dəfə, geyim istehsalı 2.5 dəfə artmış, sənayenin ÜDM-də xüsusi çəkisi 48%-ə çatmışdır.

Heç şübhəsiz ki, Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin "Sənaye ili" elan edilməsi, sənayenin inkişafı istiqamətində həyata keçirilən tədbirlər ölkəmizin regionun güclü sənaye mərkəzi kimi formalaşmasına təkan verəcəkdir".

Nazir deyib ki, ölkə başçısının müəyyən etdiyi digər mühüm strateji xətt sözsüz ki, Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Maraqların toqquşduğu mürəkkəb geosiyasi məkanda yerləşən ölkəmiz üçün bu xətt həyati əhəmiyyət kəsb edir və daxili bazarın neqativ xarici təsirlərdən etibarlı qornmasını təmin edir:

"Kənd təsərrüfatı istehsalçılarının vergilərdən azad edilməsi, aqrar sektora subsidiyaların verilməsi, Taxtakörpü və Şəmkirçay su anbarları, Yuxarı Mil kanalının birinci mərhələsi və digər nəhəng layihələrin həyata keçirilməsi, istehsalçıların lizinq əsasında texnika, gübrə və toxumla təmin olunması, saibkarların güzəştli şərtlərlə kreditləşdirilməsi və digər kompleks tədbirlər nəticəsində bu gün Azərbaycanda yüzlərlə intensiv, yüksək məhsuldarlı meyvəçilik, bağçılıq, tərəvəzçilik təsərrüfatları, müasir texnologiyalara əsaslanan emal müəssisələri fəaliyyət göstərir. Əvvəllər əksər ərzaq məhsullarını idxal edən ölkəmiz hazırda nəinki bir sıra əsas ərzaq məhsulları ilə özünü təmin edir, həmçinin onları ixrac edir.

Azərbaycanın davamlı inkişafının təmin edilməsində ölkə başçısının müəllifi olduğu regional inkişaf strategiyası müstəsna əhəmiyyətə malikdir. Belə ki, regionların, habelə Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafı dövlət proqramları rayon və qəsəbələrin iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına, ümumən qeyri-neft sektorunun inkişafının sürətlənməsinə səbəb olmuş, Azərbaycanı bütün bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevirmişdir.

Bu gün hətta ən ucqar yaşayış məntəqələrinin belə elektrik enerjisi, qaz, içməli su ilə təmin olunması ilə bağlı işlər görülür, rahat yollar, müasir təhsil, səhiyyə, mədəniyyət, idman obyektləri istifadəyə verilir. Regionlarda sahibkarlığın inkişafı nəticəsində minlərlə müəssisə fəaliyyətə başlamış, 1milyondan artıq yeni iş yeri açılmışdır.

artıq Azərbaycanın istənilən bölgəsində yaşayan vətəndaşlar bu strategiyanın nəticələrini öz gündəlik həyatında hiss edir və əvvəllər mövcud olmuş əhalinin iri şəhərlərə axını meylləri aradan qalxmışdır".

Onun sözlərinə görə, əlverişli coğrafi mövqeyə malik oln ölkəmizin tranzit potensialının reallaşdırılması ölkə başçısının apardığı iqtisadiyyatın diversifikasiyası siyasətində mühüm yer tutur. Bu məqsədlə son on ildə Rusiya Federasiyası, Gürcüstan, İran İslam Respublikası ilə dövlət sərhədinədək magistral və bir çox digər avtomobil yollarının tikintisi layihələri icra olunmuş və ya olunmaqdadır, Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi, 7 hava limanı istifadəyə verilmiş, çoxsaylı digər infrastruktur layihələri həyata keçirilmişdir:

"Cənab Prezidentin təşəbbüsü və prinsipial mövqeyi sayəsində tikilən və əhəmiyyətinə görə "dəmir ipək yolu" adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın beynəlxalq əhəmiyyətli tranzit qovşağı kimi rolunu daha da yüksəldəcək, uzun illər ölkəmizin mənafeyinə xidmət edəcəkdir.

Beləliklə, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin yaradılması ilə bağlı görülən işlər cənab Prezidentin müəyyənləşdirdiyi digər mühüm strateji xətti - ölkənin nəqliyyat təhlükəsizliyinin təmin olunmasını reallaşdırmışdır.

Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasında biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Cənab Prezidentin " Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" kursuna uyğun olaraq ötən 10 ildə bu istiqamətdə tədbirlər sistemli və ardıcıl şəkildə həyata keçirilmiş, qanunvericilik bazasının təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, vergi yükünün azaldılması, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi ilə bağlı əhəmiyyətli işlər görülmüşdür. Təsadüfi deyil ki, müstəqillik dövründə Azərbaycan iqtisadiyyatına yönəldilmiş 200 mlrd. dollar investisiyanın 180 mlrd-ı və ya 90 %-i məhz son 10 ilin payına düşür.

Ötən müddət ərzində 24500 sahibkarlıq subyektinə 1.5 mlrd. manat güzəştli kredit verilmiş, onların xarici əlaqələrinin genişləndirilməsi üçün 1300-ə yaxın biznes forum sərgi və digər tədbirlər keçirilmiş, dövlət qurumları tərəfindən 451 xidmətin elektron qaydada göstərilməsinə başlanmışdır. Bununla yanaşı, sənaye parklarının və məhəllələrinin, aqroparkların, biznes inkubatorların yaradılması ilə bağlı işlər də sahibkarlığın inkişafına təkan verir. Cənab Prezidentin bir çox müəssisələrin açılışlarında şəxsən iştirak etməsi bu sahəyə verilən böyük əhəmiyyətin bariz göstəricisidir.

Görülən işlər nəticəsində Azərbaycanda güclü özəl sektor formalaşmış, müasir texnologiyalara əsaslanan minlərlə müəssisə açılmlş, sahibkarlarımız xarici ölkələrdə uğurla fəaliyyət göstərməyə başlamışdır. Nəticədə 2004-2014-cü illərdə sahibkarlıq subyektlərinin sayı 2,7 dəfə artmış, məşğulluqda özəl sektorun payı 73,9%-ə, vergi daxilolmalarında 72,4%-ə yüksəlmiş, ÜDM-də özəl sektorun xüsusi çəkisi 82,5%-ə çatmışdır.

Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində aparılan siyasət, görülmüş işlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Məsələn, "Doing Business 2009" hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmiş, bu il isə 189 ölkənin iqtisadiyyatını qiymətləndirən "Doing Business 2015" hesabatında ən çox islahat aparan 10 ölkə sırasında 8-ci olmuşdur".

Ş.Mustafayev qeyd edib ki, son illərdə Azərbaycanın beynəlxalq arenada qazandığı böyük uğurların əsasında da sözsüz ki, cənab Prezidentin düşünülmüş və uzaqgörən siyasəti durur:

"Bu siyasətin məramını və məqsədlərini ölkə başçısı belə ifadə etmişdir: "Bizim xarici siyasətimiz daxili siyasətin məntiqi davamıdır. Xarici siyasətimiz ölkəmizin daha da güclənməsinə yönəldilmişdir və biz milli maraqlarımızı çevik və məqsədyönlü xarici siyasətlə təmin edirik.."

Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsi, Davos, Krans Montana, mədəniyyətlərarası, humanitar forumlara, beynəlxalq müsabiqələrə, Avropa oyunları və digər mötəbər tədbirlərə ev sahibliyi etməsi ölkəmizin sürətlə yüksələn beynəlxalq nüfuzundan xəbər verir.

Siyasi və iqtisadi qüdrəti davamlı olaraq artan Azərbaycan bu gün regionun bütün siyasi və iqtisadi məsələlərinin həllində əvəzolunmaz iştirakçı, əsas söz sahibidir. Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50%-ni təşkil edirdisə, bu gün ölkəmizin payı 78.6%-ə yüksəlmişdir.

Ölkənin milli maraqlarının qorunmasına yönəlmiş xarci iqtisadi siyasət çərçivəsində həm çoxtərəfli, həm də ikitərəfli formatda əməkdaşlıq əlaqələri genişlənməkdədir.

Bu gün beynəlxalq maliyyə və iqtisadi təşkilatlarla çoxsaylı layihələr həyata keçirilir, 46 ölkə ilə hökumətlərarası komissiyalar, 5 ölkə ilə isə işçi qrupları fəaliyyət göstərir.

Son 10 ildə ölkəmizin xarici ticarət coğrafiyası genişlənmiş və tərəfdaş ölkələrin sayı 149-a yüksəlmişdir. Bununla yanaşı xarici ticarətin strukturunda müsbət keyfiyyət dəyişiklikləri baş vermiş, ixrac olunan malların çeşidi 73 faiz, qeyri-neft ixracı 4.7 dəfə artmışdır. Ümumilikdə, xarici ticarət dövriyyəsi 6.6 dəfə, ixrac 9.3 dəfə, idxal isə 4.1 dəfə artmışdır".

Nazir bildirib ki, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin ana xəttini əhalinin rifahının davamlı olaraq yaxşılaşdırılması, bu sahədə ən yüksək standartlara nail olunmasıdır: "Cənab Prezidentin qeyd etdiyi kimi: "Bizim bütün siyasətimizin mərkəzində insan amili, Azərbaycan vətəndaşı dayanır. ... ölkəmizdə gedən quruculuq, abadlıq, müasirləşmə işləri bir məqsədi güdür ki, Azərbaycan vətəndaşı rahat yaşasın, işlə təmin olunsun, yaxşı maaş alsın və bütün infrastruktur layihələri ən yüksək standartlara cavab versin".

Bu strateji istiqamətə uyğun olaraq aparılan islahatların, bütün dövlət proqramlarının, icra olunan layihələrin əsas hədəfi məhz vətəndaşların həyat səviyyəsinin yüksəldilməsidir.

Təsadüfi deyil ki, son 10 il ərzində dövlət büdcəsinin sosial yönümlü xərcləri 8,1 dəfə, əhalinin gəlirləri 6.1 dəfə, orta aylıq əmək haqqı 4.6 dəfə, pensiyaların orta aylıq məbləği 7.3 dəfə, yaşayış minimumu və ehtiyac meyarının məbləği 3 dəfədən çox artmışdır. Yoxsulluq səviyyəsi təxminən 7.8 dəfə azalaraq 5%-ə enmiş, 1.3 milyondan artıq yeni iş yeri açılmış, işsizlik səviyyəsi 2 dəfəyədək azaldılaraq 5.1%-ə enmişdir. Bütün çadır düşərgələri ləğv edilmiş, qaçqın və məcburi köçkünlər üçün 87 yeni qəsəbə salınmış, 42 min məcburi köçkün ailəsi mənzillə təmin edilmişdir.

Dövlət proqramları çərçivəsində sosial infrastrukturun yaxşılaşdırılması məqsədilə 3000-ə yaxın məktəb, 500-dən artıq səhiyyə müəssisəsi, 700-dən artıq mədəniyyət obyekti tikilmiş, 40-dan artıq olimpiya idman kompleksi istismara verilmişdir.

"Qara qızılın insan kapitalına çevrilməsi" məqsədilə Dövlət Proqramı çərçivəsində 3000-dən çox gənc dünyanın aparıcı universitetlərində təhsil almaq imkanı əldə etmişlər".

Onun sözlərinə görə, son on il ərzində Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmiş, hesabatlarda ölkəmizin reytinqləri davamlı olaraq yaxşılaşdırılmışdır. Belə ki, əsas agentliklər- "Fitch Ratings", "Standart & Poor's" və "Moody's" hətta böhran illərində Azərbaycanın suveren reytinqini yüksəldərək investisiya reytinqi vermişlər.

"Dünya rəqabət qabiliyyətliliyi 2014-2015" hesabatında Azərbaycan 144 ölkə arasında 38-ci olmuşdur. Azərbaycan artıq 6 ildir ki, MDB ölkələri arasında 1-dir. Hesabatda "Makroiqtisadi mühit" göstəricisi üzrə ölkəmiz dünyada 9-cu, "inflyasiya" üzrə 1-ci, "ümumi milli yığımın ÜDM-ə nisbəti"nə görə 9-cu, "dövlət borcunun ÜDM-ə" nisbətinə görə 12-ciyerə layiq görülmüşdür.

Bununla yanaşı, Azərbaycan adambaşına düşən Ümumi Milli Gəlirin həcminə görə "aşağı orta gəlirli" ölkələr qrupundan "yuxarı orta gəlirli" ölkələr qrupuna, BMT-nin İnsan İnkişafı ilə bağlı hesabatında "orta insan inkişafı" ölkələri qrupundan "yüksək insan inkişafı" ölkələri qrupuna yüksəlmiş, "İnsan İnkişafı" hesabatında ölkəmiz 187 ölkə arasında 76-cı olmuşdur.

Ancaq Azərbaycan əldə etdiyi nailiyyətlərlə kifayətlənmir. "Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyası"nda çox iddialı, ancaq eyni zamanda real hədəflər müəyyənləşdirilmişdir.

Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində 2020-ci ilədək ölkədə qeyri-neft sektorunun inkişafı hesabına ÜDM-in həcminin iki dəfə artırılması nəzərdə tutulur. Həmin dövrədək Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə "yuxarı orta gəlirli ölkələr" arasında və BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən "yüksək insan inkişafı" ölkələri qrupunda üst sıralara yüksəlməsi hədəflənir".

Ş.Mustafayev vurğulayıb ki, bütün bunlar bir daha sübut edir ki, Prezident İlham Əliyev ümumbəşəri dəyərlərə əsaslanan özünəməxsus inkişaf kursu ilə, demokratikləşmə, davamlı və dayanıqlı iqtisadi inkişaf yolu ilə, dövlətçiliyin daha da möhkəmləndirilməsinə və əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş siyasəti ilə Azərbaycanı qarşıya qoyulmuş hədəfə - dünyanın ən inkişaf etmiş ölkələrdən birinə çevrilmək məqsədinə doğru inam və böyük uğurla aparır: "Cənab Prezidentin ötən il andiçmə mərasimində qeyd etdiyi kimi, "Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmamışdır. Heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmamışdır. Biz hamımız bundan sonra da çalışmalıyıq və çalışacağıq ki, ölkəmizi inkişaf etdirək, müstəqilliyimizi əbədi, dönməz edək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti