...

Vergilər Nazirliyinin işçiləri ixtisara salınıb?

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2015 12:37 (UTC +04:00)
Ölkə iqtisadiyyatının dinamik inkişafı vergi inzibatçılığının da bu inkişafa adekvat olaraq təkmilləşdirilməsini zəruri etdiyindən, idarəetmə sisteminin səmərəliliyini artırmaq məqsədilə 2014-cü ilin sonunda Vergilər Nazirliyində müvafiq struktur dəyişiklikləri aparılmışdır.
Vergilər Nazirliyinin işçiləri ixtisara salınıb?

Azərbaycan, Bakı, 4 fevral /Trend/

Ölkə iqtisadiyyatının dinamik inkişafı vergi inzibatçılığının da bu inkişafa adekvat olaraq təkmilləşdirilməsini zəruri etdiyindən, idarəetmə sisteminin səmərəliliyini artırmaq məqsədilə 2014-cü ilin sonunda Vergilər Nazirliyində müvafiq struktur dəyişiklikləri aparılmışdır.

Vergilər Nazirliyindən Trend-ə daxil olan məlumatda bildirilir ki, vergi orqanları tərəfindən nəzarət funksiyalarının həyata keçirilməsi mexanizminin müasir tələblərə uyğun təkmilləşdirilməsi, Vergilər Nazirliyinin bir sıra strukturlarının fəaliyyətində təkrarçılıq hallarının aradan qaldırılması və onların fəaliyyətinin daha səmərəli təşkil olunması məqsədilə Vergilər naziri Fazil Məmmədovun 26.12.2014-cü tarixli əmri ilə Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti və Bakı şəhəri Vergilər Departamenti ləğv edilərək, həmin departamentlərin ştat vahidlərinin hesabına Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti yaradılmış, Departamentin Əsasnaməsi, tərkib quruluşu, ştat vahidlərinin sayı və bölgüsü təsdiq edilmişdir.

Ləğv edilmiş Departamentlərin işçi heyəti tam şəkildə yeni yaradılmış Departamentdə işlə təmin olunmuş, bu zaman ixtisarlara yol verilməmiş, əkisnə Departament mövcud strukturların ştatları hesabına əlavə işçi heyəti ilə komplektləşdirilmişdir.

Əvvəllər Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi işləmiş, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Habil Məmmədov Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi vəzifəsinə keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2015-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturu"nda aparılan müvafiq dəyişikliklər təsdiq edilmişdir.
Məlumat üçün bildiririk ki, 46 ölkənin daxil olduğu Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) məlumatına əsasən, vergi inzibatçılığı yüksək səviyyədə elektronlaşdırılmış Azərbaycan Respublikası Vergilər Nazirliyi topladığı vergilərin məbləğinə görə ən az sayda işçisi olan vergi orqanlarından biri olduğundan, yaxın gələcəkdə ölkənin vergi orqanlarında ştatların ixtisarı gözlənilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti