Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 10:34-də yayılıb)
Bakı. Ənvər Məmmədov - Trend:
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində azad ticarət zonası rezidentlərinin qeydiyyatı 2017-ci ilin yanvarından başlayacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Limanın baş direktoru Taleh Ziyadov deyib.
Onun sözlərinə görə, hazırda azad ticarət zonasının fəaliyyəti üçün hüquqi bazanın hazırlanması üzərində iş gedir.
T.Ziyadov bildirib: "Düşünürəm ki, cari ilin sentyabr ayına qədər bütün hazırlıqlar başa çatacaq. Gələn ilin yanvar ayından başlayaraq rezidentlərin qeydiyyata alınmasına başlayacağıq."
Onun sözlərinə görə, liman artıq bütün dünyadan, o cümlədən ABŞ-dan iri şirkətləri cəlb etməyə başlayıb: "Apreldə Vaşinqtonda keçirilmiş "Transxəzər Şərq-Qərb ticarət və tranzit dəhlizi" forumu zamanı Amerikanın böyük şirkətlərini azad ticarət zonasına sərmayə qoymağa dəvət etdik. Bildiyiniz kimi, Amerika şirkətləri həm Avropa, həm də Çin ərazisində böyük işlər görürlər. Və biz istərdik ki, onlar öz regional mərkəzi kimi Bakını seçsinlər".