Bakı. Azad Həsənli - Trend:
Prezident İlham Əliyevin 2018-ci ilin Azərbaycanda sürətli iqtsadi inkişaf ili olacağını bəyan etməsi investorlar üçün müsbət siqnaldır.
Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bu gün Bakıda "Azərbaycanda mikromaliyyələşmənin gələcəyi: Çətinliklər və imkanlar" mövzusunda keçirilən V investisiya yarmarkasında deyib.
V.Qasımlı qeyd edib ki, son bir ay ərzində Azərbaycanda 3 vacib hadisə baş verdi: Yeni “əsrin müqaviləsi”nin imzalanması, Azərbaycan Prezidentinin BMT tribunasından ölkənin ərazi bütövlüyü haqqında qətiyyətli çıxışı və Azərbaycanın Dünya İqtisadi Forumunun qlobal rəqabətqabiliyyətlilik reytinqində 35-ci pilləyədək yüksəlməsi.
Onun sözlərinə görə, bütün bu hadisələr bir-biri ilə əlaqəlidir və Azərbaycanın siyasi və iqtisadi gücünü göstərir, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin nəticəsidir: “Qobustanda çıxış edərkən dövlət başçısı qeyd etdi ki, 2018-ci il Azərbaycanda sürətli iqtsadi inkişaf ili olacaq. Mənə elə gəlir ki, bu investorlar üçün bir siqnaldır. Biz Strateji Yol Xəritələrinin açıq müzakirəsini başlamaqla və 2050-ci ilədək neft hasilatı sahəsində planlarımızı səsləndirməklə hamıya göstərdik ki, bizim siyasətimiz şəffaf və açıqdır. İnvestorlar üçün bundan daha şəffaf və dəqiq siqnal ola bilməz”.
O həmçinin vurğulayıb ki, xarici investorlar investisiyalarla bağlı planlarını strateji yol xəritələrinə uyğunlaşdırmalıdır.