...

Yeni yaradılan İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı bir aya formalaşdırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2017 14:10 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.
Yeni yaradılan İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı bir aya formalaşdırılacaq

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.

Azərbaycan Respublikasında əhalinin layiqli həyat səviyyəsini təmin etmək və sosial rifahını yüksəltmək, iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafına nail olmaq dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. Son illərdə həyata keçirilən, konkret hədəflərə yönəlmiş məqsədyönlü islahatlar nəticəsində ölkədə biznes və investisiya mühitinin əlverişliliyinin daha da artırılması, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, habelə əhalinin mənzilə olan tələbatının ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra nailiyyətlər əldə edilib, bu sahədə mühüm institusional tədbirlər həyata keçirilib və mükəmməl hüquqi baza formalaşıb.

Sosial qayğıya ehtiyacı olan əhali qruplarının mənzil təminatının yaxşılaşdırılması ilə bağlı işləri sürətləndirmək və bu sahədə şəffaflığı təmin etmək, habelə maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşdirmə sistemini formalaşdırmaq məqsədilə Azərbaycan Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli və 2017-ci il 15 sentyabr tarixli 1599 nömrəli fərmanları ilə, müvafiq olaraq, “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Ötən müddətdə 21 mindən artıq ailənin mənzil şəraitinin yaxışılaşdırılmasına imkan yaradılıb, verilmiş kreditlərin həcmi isə 930 milyon manata çatıb.

Ölkənin iqtisadi potensialının gündən-günə daha da artması məşğulluğun və qeyri-neft sektorunun hərtərəfli inkişafının təmin edilməsində sahibkarların rolunun yüksəldilməsini, kredit resurslarına ehtiyacı olan kiçik və orta sahibkarların dövlət dəstəyi ilə daha geniş əhatə olunmasını, bu sahədə dövlət-sahibkar münasibətlərinin, habelə ipoteka kreditləşməsi vasitəsilə əhalinin yaşayış sahəsi ilə təmin edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, mütərəqqi tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunmasını zəruri edir.

Bu baxımdan “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətlərinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, bu sahədə sistemliliyin təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat perspektivi və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində də maliyyə inklüzivliyinin artırılması, maliyyə xidmətlərinin çatdırılması kanallarının diversifikasiyası, sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi, aztəminatlı ailələrin mənzil-məişət şəraitinin və maliyyə xidmətləri ilə təminatının yaxşılaşdırılması əsas strateji hədəf və prioritetlərdən biri kimi müəyyən edilib.

Fərmanda qeyd olunur ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanının tətbiqi ilə əlaqədar ölkədə maliyyə vəsaitlərinə çıxış imkanlarını, kreditlərə təminat verilməsi mexanizmlərini yeni iqtisadi əsaslarla daha da təkmilləşdirmək, bu sahədə göstərilən xidmətlərin səviyyəsinin artırılması, əhalinin rifahının yüksəldilməsi, sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi ilə bağlı həyata keçirilən tədbirlərin səmərəliliyini daha da yüksəltmək və sistemliliyini təmin etmək məqsədilə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin birləşmə formasında yenidən təşkili yolu ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” qeyri-kommersiya hüquqi şəxsi yaradılsın.

Fərmanla “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi” təsdiq edilir.

Müəyyən edilir ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (bundan sonra – Fond) “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir; Fond Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizminin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirən, habelə sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və Azərbaycan Prezidentinin müəyyən etdiyi hallarda və qaydada həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən qeyri-kommersiya hüquqi şəxsidir; Fondda ictimai əsaslarla fəaliyyət göstərən və 5 nəfərdən ibarət olan Himayəçilik Şurası, habelə Fondun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarət olan İdarə Heyəti yaradılır.

Fondda təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:

Azərbaycan Respublikasının Prezidentinə:

- Fondun nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
- Fondun Himayəçilik Şurası və İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
- Fondun icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
- Fondun yenidən təşkili və ləğvi barədə qərarın qəbul edilməsi.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitallarının ümumi məbləği həcmində Fondun nizamnamə kapitalının formalaşdırılmasını bir ay müddətində təmin etmək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti