...

Azərbaycanlı BP-nin Avstraliya üzrə vitse prezidenti təyin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2018 16:48 (UTC +04:00)
Emil İsmayılov bu ilin 1 may tarixindən BP-nin Avstraliya üzrə vitse prezidenti təyin olunur.
Azərbaycanlı BP-nin Avstraliya üzrə vitse prezidenti təyin olunub

Bakı. Trend:

Hazırda BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu, həmçinin Şimali Afrika və Yaxın Şərq bölgəsi üzrə planlaşdırma və kommersiya əməliyyatlarına başçılıq edən Emil İsmayılov bu ilin 1 may tarixindən BP-nin Avstraliya üzrə vitse prezidenti təyin olunur.

Şirkətdən Trend-ə verilən məlumata görə, bu yeni vəzifədə E.İsmayılov BP-nin Avstraliyadakı bütün Apstrim (kəşfiyyat və hasilat) biznesinə rəhbərlik edəcək və BP-nin Asiya Sakit Okean regionu üzrə rəhbər qrupunun üzvü olacaq.

E.İsmayılov neft və qaz sənayesində 19 ildən artıq təcrübəyə malikdir. Bu müddət ərzində o, BP-nin Bakı, Aberdin və London ofislərində müxtəlif vəzifələrdə çalışıb, bir sıra layihə və birgə müəssisələrlə bağlı işlərə və biznes danışıqlarına başçılıq edib.

E.İsmayılov Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və hüquq fakültəsinin məzunudur.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz (Gary Jones): “Emil bizim regiondakı biznesimizin uğuruna böyük töhfələr verib, bunun üçün ona çox təşəkkür edirik. Bir peşəkar azərbaycanlı kadrın belə yüksək beynəlxalq vəzifəyə təyin olunması çox sevindirici haldır. Emilə BP-dəki davamlı karyerasında yeni uğurlar diləyirik!”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti