Bakıda I Azərbaycan Beynəlxalq "Moda və Aksessuarlar" sərgisi (Moda Azerbaijan 2007) keçiriləcək. Trend in sərginin təşkilatçısı Iteca Caspian şirkətinə istinadən xəbər verdiyi kimi, hazır geyimlər, ayaqqabı, zərgərlik məmulatları istehsalçıları, moda sənayesinin inkişafında maraqlı olan işgüzar şəxslər, o cümlədən istehlakçılar üçün nəzərdə tutulmuş sərgi martın 6-dan 8-dək Avropa Qrand Oteldə keçiriləcək.
Xəzər regionunda və Qafqazda ilk iri sərgi olan "Moda Azerbaijan 2007" qadın/kişi/uşaq bölmələri üzrə ekspozisiyalar, trikotaj və toxuma məmulatlar, idman, toy geyimləri, aksessuarlar, zərgərlik məmulatları, çantalar, əlcəklər, baş örtükləri və s. təqdim edəcək.
Tədbirin keçirilməsinə rəsmi dəstək ölkənin İqtisadi İnkişaf Nazirliyi, Ticarət-Sənaye Palatası, Azərbaycan Sahibkarlar Təşkilatları Konfederasiyası və Azərbaycanda İxrac və Sərmayələrin Təşviqi Fondu tərəfindən göstəriləcək.
Sərgidə Xəzər və Qafqaz bölgələrinin moda sənayesi nümayəndələri, zərgərlik məmulatları və aksessuar istehsalçıları, hökumət təşkilatları, nazirlik, sənaye assosiasiyaları və investisiya şirkətlərinin rəhbərləri və əməkdaşları, Asiya, Avropa və MDB ölkələrinin moda sənayesi sahəsində işgüzar dairələrin nümayəndələri və son istehlakçılar iştirak edəcək.