Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Azərbaycanın sığorta bazarına beynəlxalq standartları tamamilə köçürmək lazım deyil, yerli bazarın real vəziyyətini nəzərə almaq mühümdür. Bunu çərşənbə axşamı sığorta üzrə Ukrayna maliyyə analitikləri komitəsinin sədri, "Providna" - Ukrayna sığorta şirkəti idarə heyətinin sədr müavini Vyaçeslav Çernyaxovski bildirib.
Azərbaycanın ÜTT-yə daxil olması çərçivəsidnə ölkə sığorta haqqında yeni qanun hazırlanarkən beynəlxalq təbcrübə və standartları qəbul edir.
Çernyaxovskinin sözlərinə görə, Azərbaycanın sığorta bazarı hazırda inkişaf mərhələsindədir, yeni qanunun qəbul olunması bunun üçün daha bir təkan olacaq.
"Hesab edirəm ki, sığorta şirkətlərinin nizamnamə kapitalının artması fəaliyyətdə olan şirkətlərin gəlir və ödəmələri nəzərə alınmaqla artırılmalıdır",-deyə payızda qəbul olunması gözlənilən yeni qanunda Azərbaycanın sığorta şirkətlərinin nizamnamə kapitallarının 1 mln. manata qədər çatdırılmasının nəzərdə tutulduğunu şərh edən Çernyaxovski bildirib.
Ukraynada sığorta haqqında birinci qanun 1996-cı ildə qəbul olunub ki, burda da Avropa Birliyinin tövsiyələri nəzərə alınıb. Ukraynanın hazırda qüvvədə olan sığorta haqqınada qanununa əsasən, fəaliyyət göstərən sığorta şirkətlərinin nizamnamə kapitalı ən azı 1 mln. avro olmalıdır.
Çernyaxovski qeyd edib ki, Ukrayna hazırda bir il sonra qəbul olunması gözlənilən sığorta haqqında yeni qanun layihəsi hazırlayır. Bu layihədə də bazarın inkişaf tempi nəzərə alınaraq şirkətlərin nizamnamə kapitalı 5 mln. avro olacaq.
Azərbaycanın sığorta bazarının problemləri haqqında danışan ekspert bildirib ki, iri sığorta risklərinin daxil olduğu korporativ sığorta bazarını yüksək səviyyədə inkişaf etdirmək üçün ölkə bazarında riteyl biznesini inkişaf etdirmək lazımdır.