Azərbaycan, Bakı, 06 may/ Trend / Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) xammal hasilatı zamanı nanotexnologiyaların təcrübi tətbiqi hesabına, quyulardan əlavə olaraq 300 ton neft əldə edib. ARDNŞ-nin çərşənbə axşamı yayılan məlumatında bildirilir ki, bu üsul "Qum Adası", "Suraxanıneft" və "Abşeronneft" NQÇİ-nin istismar etdiyi quyularda sınaqdan keçirilib.
Tədqiqatlar nəticəsində aşkar edilib ki, lay sularının işlənməsi zamanı sistemdə təzyiqin artmasına gətirən karbon qazının ayrılması ilə mühitin turşuluğunun artması baş verir və sistemdə təzyiqin yüksəlməsi nəticəsində, qaz ayrılması kimi yeni effekt əldə olunur.
Əldə edilmiş nəticələrin əsasında yeni nanokompozisiya materialının yaradılması və neftçıxarma sistemlərində tətbiqi ilə əlaqədar elmi-praktiki proqram hazırlanıb. Nanokompozisiya materialı 2005-ci ildə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində ixtira kimi qeydiyyatdan keçib və patent alıb.