...

BP Bakı-Tbilisi-Ceyhan neft kəmərinin genişləndirilməsinə başlayıb

Energetika Materials 15 May 2008 22:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may/ Trend müxbir S.Əliyev/ BP Azerbaijan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin buraxma gücünün genişləndirilməsinə başlayıb. Bu barədə cümə axşamı şirkətdən məlumat veriblər. Azərbaycan ərazisində həyata keçirilən işlərin podratçısı kimi Azfen-Tekfen konsorsiumu çıxış edir.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin buraxma gücünün sutkada 1 mln. bareldən 1,2 mln. barelədək artırılması təqribən $69 mln. qiymətləndirilir. Bu vəsaitlər hesabına boru kəmərində inqibatorların (kimyəvi reagentlərin) tətbiqi üçün avadanlıq quraşdırılacaq.

Boru kəmərinin buraxma gücünün artırılması üzrə işlər ilin sonunda başa çatacaq. Hazırda boru kəməri ilə sutkada təqribən 800 min barel neft nəql edilir. İlin sonunadək bu göstərici sutkada 1 mln. barelə çatdırılacaq.

Boru kəmərinin buraxma gücünün sutkada 1,6 mln. barelədək artırılmasına dair sonrakı işlər 2009-cu ildən sonra həyata keçirilə bilər. Bu buraxma gücünə bəzi yerlərdə boru kəmərinin dövrələmə sahələrinin tikintisi və boru kəmərinin marşrutu üzrə nasos stansiyalarında əlavə avadanlığın (nasosların) quraşdırılması ilə nail olmaq olar.

2007-ci ilin aprelindən etibarən, Azərbaycanın yüngül neftinin dünya bazarlarına ixracı əsasən BTC boru kəməri ilə həyata keçirilir. 2007-ci il ərzində bu neft kəməri üzrə 28 mln. ton neft nəql edilib. BTC üzrə ixracın başlamasından indiyədək onunla 45 mln. tondan çox neft nəql edilib.

BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir. Bunun 443 km Azərbaycan, 249 km Gürcüstan, 1076 km Türkiyə ərazisindən keçir. Boru kəmərinin tikintisi 2003-cü ilin aprelində, onun neftlə doldurulması isə 2005-ci il mayın 18-də başlayıb.

BTC-nin tikintisi $4 mlrd.-a başa gəlib. Bu tikinti işləri, boru kəmərinin doldurulmasına olan xərclərdir. Maliyyə xərcləri və bank faizlərinin ödənilməsi bura daxil deyil. Ümumi maliyyə kreditinin məbləği $2,6 mlrd. təşkil edir.

BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); Chevron (8,9 faiz); StatoilHydro (8,71 faiz); TRAO (6,53 faiz); Eni (5 faiz); Total (5 proüentov); Itochu (3,40 faiz); Inpex (2,5 faiz); ConocoPhillips (2,50 faiz) və Hess (2,36 faiz).

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti