...

"Nabukko" qaz kəməri 2014-cü ilədək tam hazır olacaq – layihə rəhbəri

Energetika Materials 27 Yanvar 2009 13:16 (UTC +04:00)
"Nabukko" qaz kəməri 2014-cü ilədək tam hazır olacaq – layihə rəhbəri

Azərbaycan, Bakı, 27 yanvar/ Trend / Avropaya qaz tədarükü mənbələrinin diversifikasiyasını nəzərdə tutan "Nabukko" qaz kəməri 2014-cü ilədək tam hazır olacaq. Bu barədə "Nabukko"nun layihə meneceri Reynxard Mitşek Bolqarıstanın Darik radiosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə,  qaz kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetr qaz təşkil edəcək. İstismarın birinci ilində qaz kəməri ilə 8-9 mlrd. kubmetr qaz nəql olunacaq. Həcm bazarda tələbatdan asılı olaraq arta bilər.

Mitşekin fikrincə, qaz kəmərinin tikintisi üçün heç bir maneə yoxdur.

Layihə meneceri bildirib ki, "Nabukko" ilə Avropaya tədarük olunacaq qazın qiyməti Ukrayna ərazisindən Aİ-yə tədarük olunan Rusiya qazının hazırkı dəyəri ilə müqayisədə rəqabətqabiliyyətli olacaq. O qeyd edib ki,  "Nabukko" qaz kəməri ilə Avropaya nəql olunacaq qazın qiyməti hələ müəyənləşdirilməyib.  O, Mərkəzi Asiya və Yaxın Şərqdən olan potensial tədarükçülər ilə danışıqlardan asılı olacaq.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Avropa İttifaqı ölkələrinə qaz ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilməsi 2010-cu ilə təyin edilib. Boru kəmərinin maksimal ötürmə gücü ildə 31 mlrd. kubmetr olacaq. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir..

Xəbər lenti

Xəbər lenti