...

Azərbaycan qaz hasilatını iki dəfə artırmağı planlaşdırır – prezident İlham Əliyev

Energetika Materials 29 Yanvar 2009 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir А.Bədəlova/

"Azərbaycan yaxın beş ildə öz təbii qaz hasilatını iki dəfə artırmağı planlaşdırır", - cümə axşamı Davosda Ümumdünya İqtisadi Forumunun sessiyasında çıxış edərkən ölkə prezidenti İlham Əliyev deyib.

"Biz yaxın beş ildə qaz istehsalını ən azı iki dəfə artırmağı planlaşdırırıq. Buna görə də, mövcud bazarlar yetərli deyil. Bizim potensial bazarlarımızın necə olması haqda aydın təsəvvürə malik olmağımız çox vacibdir", - ölkə başçısı bildirib.

"Bu gün Azərbaycanın diversifikasiya ilə bağlı problemi yoxdur. Əksinə, bizim neft və qaz ixracı üçün karbohidorgenləri müxtəlif istiqamətlərdə nəql edə bilən 7 boru kəmərimiz var. Biz yalnız bir marşrut və bir bazardan asılı deyilik. Bir qədər qəribə görünə bilər, ancaq Azərbaycandan çox neft və qaz istehsal edən ölkələr belə, bizim neft və qazımızı almaq üçün müraciət ediblər ", - İlham Əliyev deyib.

Dövlət başçısının sözlərinə görə, hazırda Azərbaycan diqqətini yeni bazarların axtarışı və mövcud boru kəmərlərinin genişləndirilməsinə yönəldib.

Prezidentin sözlərinə görə, "Nabukko" layihəsinə cəlb edilmiş ölkələrin cəhdlərinin birləşdirilməsi, eyni zamanda böyük maliyyə öhdəlikləri layihənin irəliləməsinə kömək edə bilər.

"Nabukko"nun üzv ölkələri , həmçinin layihəni dəstəkləyən təşkilatlar "Nabukko"ya yalnız gəlir əldə olunması yolu kimi baxmamalıdırlar. Ortada enerji təhlükəsizliyi məsələsi var. Enerji təhlükəsizliyi uzunmüddətli perspektivdə ümumi təhlükəsizlik və müstəqilliyə aparır", - ölkə başçısı vurğulayıb.

"Nabukko"nun daha çox siyasi istək, daha böyük maliyyə öhdəliklərinə və təbii ki, Azərbaycan kimi tranzit və tədarükçü ölkə rolunu oynamağa hazır olan ölkələrə ehtiyacı var", - İlham Əliyev hesab edir.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2010-cu ilə təyin edilib. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir.

Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Davos forumu kimi də tanınan Ümumdünya İqtisadi Forumu Cenevrədə mənzil-qərargahı olan ən böyük beynəlxalq qeyri-hökümətlərarası təşkilatdır. ÜİF-in əsas məqsədi kimi dünya ictimaiyyətinə iqtisadi inkişaf və sosial tərəqqi məsələlərinin həllinə kömək yolu ilə dünyanın qlobal durumunun yaxşılaşdırılmasına nail olmaqdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti