...

Azərbaycan Suriyaya 1 milyard kubmetr qaz satmağa razılıq verib

Energetika Materials 10 İyul 2009 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul / Trend /

Azərbaycan Suriyaya 1 milyard kubmetr qaz satmağa razılıq verib. Bunu Azərbaycanda rəsmi səfərdə olan Suriya Prezidenti Bəşşar əl-Əsəd Bakıda Azərbaycan-Suriya biznes forumunda bildirib. Bu barədə "AzərTAC" dövlət agentliyi məlumat yayıb.

"Azərbaycan Suriyaya indiki qiymətlərlə hər il təqribən bir milyard kubmetr qaz satmağa razılıq verib", - əl-Əsəd deyib. Onun sözlərinə görə, Türkiyə tərəfi də bu məsələyə rəğbətlə baxır.  

"İki il bundan əvvəl biz Türkiyədən Suriyaya qaz ötürülməsi və ya qaz kəməri çəkilməsi barədə danışıqlara başladıq. Azərbaycan qazı bu kəmərlə Suriyaya, oradan isə cənuba - İordaniyaya və Misirə çatdırıla bilər. Bizdə təbii qaz alınması çox böyük əhəmiyyət daşıyır, çünki bizim ehtiyatlarımız çox azdır", - Suriya Prezidenti deyib.

Onun sözlərinə görə, həmin marşrutla nəql olunacaq qazın çox hissəsini Azərbaycan qazı təşkil edəcək. "Qaz kəmərləri Xəzər dənizi, Qara dəniz və Ərəb körfəzi regionları arasında əlaqələrin inkişafına təkan verə bilər. Biz Azərbaycandan qaz alınması barədə danışıqlar apardıq. Bu qaz Suriyaya Türkiyə vasitəsilə çatdırılmalıdır", - Suriya Prezidenti qeyd edib.

Əl-Əsəd Suriya ilə Türkiyə arasında keçmişdə olan siyasi münasibətləri xatırladıb. "Hazırda Türkiyə bizə sözün əsl mənasında qardaşdır", - Suriya Prezidenti vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, ölkədə respublikanın enerji resurslarını Avropa və dünya bazarlarına çıxaran yeddi neft-qaz kəməri fəaliyyətdədir.

"Bütün istiqamətlərə ixrac etmək üçün imkanlarımız var və hesab edirəm ki, Suriyanın Bakı-Tbilisi-Ərzurum qaz kəmərinə qoşulması layihəsi də çox real layihədir. Biz bu layihənin üzərində çox böyük məmnuniyyətlə işləyəcəyik", - İlham Əliyev deyib.

Bu il Azərbaycanda qaz hasilatının təxminən 25-27 milyard kubmetr səviyyəsində olacağı proqnozlaşdırılır, Azərbaycan qazı müxtəlif ölkələrə - Gürcüstan, Türkiyə, Yunanıstan və İrana nəql edilir. Gələn ildən bu yaxınlarda imzalanmış sazişə əsasən, Rusiyaya da Azərbaycan qazı ixrac ediləcək. "Coğrafi məkan nə qədər çox genişlənərsə, həm bizim üçün, həm istehlakçılar, həm də istehsalçılar üçün bir o qədər yaxşıdır", - Azərbaycan Prezidenti deyib.

Xəbər lenti

Xəbər lenti