Azərbaycan, Bakı, 13 iyul / Trend /
Gələn il BP Azerbaijan şirkəti - Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının işlənilməsi operatoru yatağın cənub-şərq hissəsində daha bir sınaq quyusu qazmaq niyyətindədir. Bu barədə bazar ertəsi Azərbaycanın neftqaz sənayesindəki mənbə məlumat verib.
Daha əvvəl tərəfdaşlar "Şahdəniz" üzrə layihənin işlənməsinin ikinci mərhələsinin dəstəklənməsi üçün həyata keçirilən SDX-05 quyusunun sınaq qazmasını başa çatdırıblar. Bu barədə BP şirkətindən verilən məlumatda deyilir.
2009-cu ilin yanvarında quyu 6559 metr ümumi dərinliyə çatıb. Quyunun qazma işlərinə 2008-ci ilin iyununda "İstiqlal" buruq qurğusu ilə başlanılıb. Quyu yatağın cənub-şərq hissəsində yerləşir.
Bu quyunun nəticəsindən "Şahdəniz"in işlənməsinin "ikinci mərhələ"sinin planlaşdırılmasında istifadə olunacaq.
"Şahdəniz" yatağının ümumi ehtiyatı 1,2 trilyon kubmetr qazla qiymətləndirilir. Layihənin birinci mərhələsi çərçivəsində ildə 8,6 milyard kubmetrdən çox qaz çıxarılması ehtimal olunur. Layihənin ikinci mərhələsi çərçivəsində bu göstərici ildə 16-20 milyard kubmetr qaza qədər artacaq.
Layihənin işlənməsinin ikinci fazasının reallaşdırılmasının dəyəri 17-20 milyard dollar qiymətləndirilir. Ona 2014-cü ildən sonra başlamaq planlaşdırlır.
"Şahdəniz" layihəsində hasilatın pay bölgüsü barədə müqavilənin iştirakçıları bunlardır: ВР (operator - 25,5 faiz), StatoilHydro (25,5 faiz), SOCAR (10 faiz), LUKOIL (10 faiz), NICO (10 faiz), Total (10 faiz) və TPAO (9 faiz).
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]