Azərbaycan, Bakı, 18 sentyabr / Trend /
"Şimal" elektrik stansiyasında bir neçə gündən sonra 400 meqavatlıq enerji blokunda planlı təmir işlərinə başlanılacaq. Bu barədə "Azərenerji" ASC-nin məlumatında deyilir.
Məlumatda deyildiyi kimi, hazırda təmir-yoxlama işlərinə ciddi hazırlıq görülür. Müvafiq təmir işləri 400 MVt-lik blokun tikinti işləri üzrə baş podratçısı olmuş Yaponiyanın "Mitsui" və "Mitsubişi" şirkətləri, həmçinin yerli "Azenko" ASC-nin mütəxəssisləri tərəfindən həyata keçiriləcək.
Elektik stansiyası ərazisində abadlıq və təmizlik işləri aparılır. İnzibati binanın dam örtüyü yenisi ilə əvəzlənib. İstismar müddətini başa vurmuş 110 kilovoltluq yarımstansiya binasının da sökülməsi nəzərdə tutulur.
Stansiyada ikinci buxar qaz qurğusunun inşası planlaşdırılır. İnşaat işləri 27 ay ərzində aparılacaq. Əvvəllər buxar qaz qurğusunun istismara verilməsi 2009-cu ilə planlaşdırılıb. Baş tutmayan tenderə görə bu layihə dayandırılıb. Layihənin texniki iqtisadi əsasnaməsi 2004-cü ildə Yaponiyanın konsaltinq şirkəti TEPSCO və Finlandiyanın "Enprima" şirkətlər alyansı hazırlayıb. Tender 4 2320 kilovatlıq elekrtikverici xətlərin və 220/110 kilovoltluq yarımstansiyaların təchiz edilməsi, inşaat-montaj işlərinin aparılması, təcrübədən keçirilməsi və istismara verilməsinin layihələndirilməsi üzrə elan edilib.
Stansiya 400MVt gücü olan bir buxar qaz qurğusuna malikdir. Bu qurğunun inşası Mitsui/Mitsubishi yapon şirkətləri alyansı tərəfindən həyata keçirilib.