...

Qazaxıstan neftinin Azərbaycan vasitəsilə Transxəzər nəqli sistemi üzrə yeni tender elan olunacaq

Energetika Materials 23 Sentyabr 2010 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir A.Yusifzadə/

Bütün daxil olan təkliflərə baxıldıqdan sonra Qazaxıstandan Azərbaycana neft nəqli üzrə Transxəzər sisteminin yaradılması layihəsi üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması ilə bağlı elan edilən seçim tenderi baş tutmayan sayılıb. Bu barədə layihənin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Tenderi "KMG-Transcaspian LLP" Konsorsiumu (Qazaxıstanın "QazMunayQaz" MŞ SC-nin törəməsi) və ARDNŞ elan edib.

Trend-ə telefonla "KMG-Transcaspian LLP"nin rəsmi nümayəndəsinin dediyinə görə, qiymətləndirmə sistemini, reytinq və digər məsələləri özündə birləşdirən seçim proqramının hazırlanması üzrə işlər başa çatan kimi, Qazaxıstan neftinin nəqli üzrə Transxəzər sisteminin yaradılması üçün TİƏ-nin hazırlanması üzrə yeni şirkətin müəyyənləşdirilməsi məqsədilə yeni tenderin elan edilməsi tarixi haqqında danışmaq olar.

Transxəzər layihəsinin rəsmi saytında yerləşdirilən məlumatda deyildiyinə görə, yaxın aylarda konsorsium yeni ilkin seçməni elan etməyi planlaşdırır.

Transxəzər sistemi Qazaxıstan neftinin Azərbaycan ərazisi vasitəsilə, Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqli üçün nəzərdə tutulub.

2008-ci ilin sonunda Bakıda Qazaxıstan və Azərbaycanın milli neft şirkətləri "QazMunayQaz" və ARDNŞ Transxəzər sisteminin yaradılmasına dair saziş imzalayıblar. Sənəd ilkin mərhələdə "Kaşaqan" yatağından əldə olunan Qazaxıstan neftinin Xəzər dənizi və Qafqaz vasitəsilə gələcəkdə 35-56 milyon ton artımla, ildə 23 milyon ton həcmində dünya bazarına nəqlini nəzərdə tutur.

Sistemə Qazaxıstan sahilində neft emalı terminalı, tanker və gəmilər, Azərbaycan sahilində neft terminalı daxildir. Transxəzər nəql infrastrukturu digər nəql marşrutları üzrə neft nəqli üçün qismən istifadə oluna bilər.

Xəbər lenti

Xəbər lenti