...

İranın OPEK-in sədri təyin edilməsi bu təşkilatın siyasətinin dəyişməsinə təsir göstərməyəcək – ekspertlər

Energetika Materials 16 Oktyabr 2010 14:33 (UTC +04:00)
İranın ilk dəfə OPEK-ə sədr ölkə kimi 30 ildən çox müddətə seçilməsi önəmli hadisədir, belə ki, Səudiyyə Ərəbistanı və Küveyt bu vaxta qədər İranın bu təşkilatın sədri vəzifəsinə təyin olunması ilə razılaşmırdı.
İranın OPEK-in sədri təyin edilməsi bu təşkilatın siyasətinin dəyişməsinə təsir göstərməyəcək – ekspertlər

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbirlər Т.Cəfərov, Y.Ostapenko/

İranın ilk dəfə OPEK-ə sədr ölkə kimi 30 ildən çox müddətə seçilməsi önəmli hadisədir, belə ki, Səudiyyə Ərəbistanı və Küveyt bu vaxta qədər İranın bu təşkilatın sədri vəzifəsinə təyin olunması ilə razılaşmırdı. Bu barədə Trend-ə elektron poçtla Trend-in Ekspert Şurasının üzvü, Qlazqo Universitetinin professoru Rza Təqizadə bildirib.

Lakin, onun sözlərinə görə, OPEK-in sədri bu təşkilatın siyasi xəttində heç bir rol oynamır.

Bu həftə OPEK-in neft ixrac edən ölkələrinin növbəti iclasında 2011-ci ilin yanvarına qədər təşkilata sədrliyin İrana verilməsi haqqında qərar qəbul olunub.

İran İslam Respublikasının neft naziri Məsud Mir Kazımi Vyanada keçirilmiş birgünlük görüşdə neft ixrac edən ölkələrin təşkilatına sədr seçilib. İran 36 il ərzində ilk dəfə olaraq OPEK-ə sədrlik edəcək.

"Hesab edirəm ki, bu, neftin qiymətlərinin dəyişməsinə təsir etməyəcək. Belə ki, OPEK-in sədri bazarda vəziyyətə müvafiq olaraq dəyişən neftin qiymətlərini müəyyən etmir. Səudiyyə Ərəbistanı kimi ölkə neftin qiymətinə təsir edə bilər, çünki neft hasilatı və ixracatında böyük potensiala malikdir. Səudiyyə Ərəbistanı hasilatın artırılması və azaldılması yolu ilə neftin bazar dəyərini nizamlayır", - Təqizadə deyib.

"Son iki il ərzində OPEK neft hasilatını təxminən dörd milyon barelə qədər azaldıb ki, bunun da böyük hissəsi Səudiyyə Ərəbistanının payına düşür (hasilat sutkada 34 milyon bareldən 28 milyon barelə qədər azaldılıb)", - Təqizadə deyib. Bununla belə, ekspert qeyd edib ki, Səudiyyə Ərəbistanı normanın artması və ya dəyişilməsinə çox ehtiyatla yanaşır. Neftin $80-100/barel qiymətini bu ölkə qəbulolunan hesab edir və onun fikrincə, hazırda bazarda neftin qiymətinin artması üçün potensial yoxdur.

Təqizadənin sözlərinə görə, İranın təşkilatın sədri seçilməsi neft istehlakçıları və OPEK arasında münasibətlərə heç bir təsir etmir.

"Bu təşkilata üzv ölkələr Avropa və Şərqi Asiya ölkələrində daimi satış bazarına malikdirlər. Digər tərəfdən Avropa bazarı yalnız kartel iştirakçılarının nəql etdiyi neft hesabına təmin olunmur, həmçinin, Rusiya, Azərbaycan və Afrika ölkələrindən böyük həcmdə neft idxal edir", - Təqizadə deyib.

"İran üçün OPEK-ə üzv olmağın özü vacibdir, belə ki, bu, İrana öz iqtisadi maraqlarını həyata keçirməyə imkan verən böyük qurumdur. OPEK İrana öz nöqteyi-nəzərini çatdırmaq üçün tribuna kimi də vacibdir. Belə hesab edirəm ki, İran OPEK-dən antiqərb təbliğatı üçün istifadə edəcək", - elektron poçtla Rusiya İctimai-Siyasi Araşdırmalar Mərkəzinin direktoru Vladimir Yevseyev deyib.

Onun sözlərinə görə, İran neftin qiymətinin artırılmasında çox maraqlıdır.

"Mənim nəzərdə tutduğum səbəblərə görə, İran neftinin ayrı-ayrı ölkələrə ixracı azaldılıb. Bu, Çinə - İran neftinin əsas alıcısına da aiddir. Çin hazırda İran neftinin alışını azaldıb", - Yevseyev deyib.

Onun fikrincə, iqtisadiyyatının neft satışı üzərındə qurulduğu İran üçün bu məhsulun satış yollarını tapmaq vacibdir. Bəzi qiymətləndirmələrə görə, İran neft ixracından təxminən 60 milyard dollar əldə edir. Bu, İran cəmiyyətində sabitliyin saxlanması üçün son dərəcə vacibdir.

OPEK-ə sədrlikdən hazırda neft alışına bir o qədər də ciddi tələbat hiss etməyən Qərbə təzyiq kimi də istifadə etmək mümkündür. Əgər İran istehsalı azalda bilsə, bundan təzyiq elementi kiimi istifadə etmək olar. Yevseyev belə hesab edir.

OPEK-ə sədrlik etməklə İran istehlakçılara neft çatdırılmasını maksimum dərəcədə çətinləşdirən Avropa İttifaqının siyasətinə qarşı hansı yollasa müqavimət göstərməyə cəhd edəcək.

"Mən bunun səmərəli olacağına o qədər də inanmıram, lakin İran mütləq belə cəhdlər göstərəcək", - Yevseyev hesab edir.

Ekspertin sözlərinə görə, İranın təxribatçı xarici siyasəti biznesə, xüsusilə də İran bazarında iştiraka son qoyan iri Avropa şirkətlərinə mənfi təsir göstərməyə başlayıb.

"Birincisi, iqtisadi risklərə gətirib çıxaran siyasi risklər artır. Üstəgəl mövcud sanksiyalar. Hələlik mən hazırkı rəhbərlik dövründə İranın Avropa ilə yaxınlaşması üçün əsas görmədiyim kimi, bu vəziyyəti dəyişdirəcək yolları da görmürəm", - Yevseyev deyib.

"Avropa İranın OPEK-dəki sədrliyinə onun İran ilə yaxınlaşması üçün imkan kimi deyil, mübarizə aparacağı problem kimi baxır", - ekspert bildirib.

Aİ-nin Təhlükəsizliyin Araşdırılması İnstitutunun (EUISS) analitiki Ruzbeh Parsinin fikrincə, İranın OPEK-ə sədrliyinin neftin qiymətinə heç bir təsiri olmayacaq.

"Mən düşünmürəm ki, neftin qiyməti yalnız İranın OPEK sədri olmasına görə dəyişəcək. İstənilən əsaslı və ya uzunmüddətli dəyişiklik daha vacib göstəricilərdən asılıdır, nəinki təşkilata kimin sədrlik etməsindən", - Parsi elektron poçt vasitəsilə Trend-ə bildirib.

Onun fikrincə, İran "neft karteli"ndə Səudiyyə Ərəbistanı ilə yaxşı balanslaşıb ki, bu da ona Aİ və dünyanın bir çox ölkələrinə münasibətdə öz siyasətini reallaşdırmağa imkan vermir.

OPEK təşkilatı 1960-cı ildə İran, İraq, Səudiyyə Ərəbistanı və Venesuela tərəfindən yaradılıb. Hazırda Əlcəzair, İndoneziya, Liviya, BƏƏ, Küveyt, Nigeriya, Qətər də onun üzvləridir. 2007-ci ildən Ekvador yenidən OPEK-in üzvü olub. OPEK üzvü olan ölkələr dünya neft ixracının təxminən 35 faizini təmin edir.

Xəbər lenti

Xəbər lenti