Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir A.Bədəlova /
ABŞ-ın Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar Xəzər və Yaxın Şərq regionundan Aİ ölkələrinə qaz nəqlini nəzərdə tutan "Nabukko" qaz kəməri layihəsini "yaxşı, lakin heç də yeganə olmayan" layihə adlandırıb.
"Biz təkcə "Nabukko"nu deyil, həm də bütün "Cənub enerji dəhlizini" dəstəkləyirik - bu, Qafqaz və Mərkəzi Asiya qazını Türkiyə vasitəsilə Avropaya nəql etməli olan bir sıra qaz kəmərləridir", - Morninqstar "Kommersant" qəzetinə müsahibəsində bildirib.
Aİ üçün prioritet təşkil edən "Cənub dəhlizi" enerji layihısi Avropa ölkələrinin enerji təhlükəsizliyinin artırılmasına yönəldilib və özündə "Nabukko", ITGI ("Türkiyə-Yunanıstan-İtaliya" qaz kəməri), "Ağ axın" və Transadriatik boru kəməri (TAK) kimi layihələri birləşdirir.
Morninqstarın fikrincə, Avropa şirkətləri "Cənub dəhlizi" layihələrindən hansının nisbətən daha əsaslandırılmış və sərfəli olması barədə kommersiya qərarı qəbul etməlidirlər.
"Biz məhz "Nabukko"ya üstünlük verərdik, lakin onun birinci reallaşdırılacağı faktına yox", - o, bildirib.
Dəyəri 7,9 milyard avro təşkil ed"Nabukko" boru kəmərinin inşasına 2012-ci ildə başlanması nəzərdə tutulub, onunla ilk nəql isə 2015-ci ilə planlaşdırılıb. "Nabukko" boru kəmərinin texniki nəqletmə gücü ildə 31 milyard kub metr təşkil edəcək.
Layihə iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər - 16,67 faiz paya malikdir.
"Cənub enerji dəhlizi" layihəsinin səhmdarları əsas tədarükçü qismində Azərbaycanı nəzərdə tuturlar. Eləcə də, Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi layihəsi çərçivəsində hasil olunacaq qaza ümid edilir.
Xüsusi nümayəndənin dediyi kimi, yaxın aylarda "Şahdəniz" yatağını işləyən konsorsium qazın satışı istiqaməti ilə bağlı qərar qəbul etməlidir.
"Bu həm "Nabukko", həm "Interconnector" (ITGI layihəsi) və ya digər layihə ola bilər. Başlıcası, borunun genişləndirilməsi imkanının olmasıdır", - Morninqstar bildirib.
"İstənilən halda birinci boru ilə o qədər də böyük olmayan həcmdə qaz nəql olunacaq, lakin o, regiondan qaz nəqli həcmlərinin artacağı halda genişləndirilmək üçün potensiala malik olmalıdır. Bu isə mütləq olacaq. Və ona görə də infrastrukturu artıq indidən hazırlamaq lazımdır", - o, əlavə edib.
Morninqstar İraq və Türkmənistanı bu layihələr üçün digər qaz mənbələri adlandırıb. Onun sözlərinə görə, İran qazı Tehranın nüvə proqramına dair bütün məsələlər həll olunmayana və onun ABŞ və digər ölkələrlə münasibətləri tam normallaşmayana kimi hansısa beynəlxalq layihəyə qoşulmamalıdır.
BP-nin məlumatına görə, 2010-cu il yanvarın 1-nə Azərbaycanda sübut edilmiş qaz ehtiyatları 1,31 trilyon kubmetr, Türkmənistanda 8,1 trilyon, İraqda 3,17 trilyon, İranda 29,61 trilyon kubmetr təşkil edir.