...

5 şirkət AGRI qaz layihəsinin TİƏ-nin hazırlanması üçün namizəddir - nazir

Energetika Materials 25 May 2011 16:03 (UTC +04:00)
Mayın 26-27-də Buxarestdə keçiriləcək AGRI layihəsinin iştirakçı ölkələrinin - Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın iqtisadiyyat və energetika nazirlərinin görüşündə görülən işlərin qiymətləndirilməsi aparılacaq.
5 şirkət AGRI qaz layihəsinin TİƏ-nin hazırlanması üçün namizəddir - nazir

Azərbaycan, Bakı, 25 may /Trend/

Mayın 26-27-də Buxarestdə keçiriləcək AGRI layihəsinin iştirakçı ölkələrinin - Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın iqtisadiyyat və energetika nazirlərinin görüşündə görülən işlərin qiymətləndirilməsi aparılacaq. Bundan başqa, tərəflər texniki iqtisadi əsaslandırmanın (TİƏ) hazırlanması ilə bağlı məsələləri də tamamlamağı planlaşdırırlar.

"Biz TİƏ-ni müəyyənləşdirməliyik ki, onu kim və necə hazırlayacaq və digər məsələləri həll edək", - bunu Trend-ə çərşənbə günü Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, hazırda TİƏ-nin hazırlanmasına 5 özəl şirkət namizəddir.

"Onlar TİƏ-nin hazırlanmasının maliyyələşdirilməsi üzrə öz xidmətlərini təklif ediblər", - nazir bildirib.

Əvvəllər tərəflərin öz vəsaitləri və ya Aİ-dən qrantın cəlb edilməsi hesabına TİƏ-nin hazırlanmasının maliyyələşdirilməsi haqqında təkliflər olub.

"Lakin bu təkliflərin hər biri böyük sual altındadır, belə ki, Aİ-yə müraciət etmək uzun prosedurdur və onda biz xeyli vaxt itkisinə yol verərik. Öz aktivlərimiz hesabına maliyyələşdirməyə gəldikdə, heç də şirkətlərin hamısı TİƏ-nin hazırlanmasını maliyyələşdirmək üçün maliyyə vəsaitlərinə malik deyillər", - Əliyev vurğulayıb.

Onun sözlərinə görə, nazirlərin ötən görüşündə tərəflər TİƏ-nin hazırlanmasının maliyyələşdirilməsinin üçüncü variantını da müzakirə ediblər. Bu, AGRI layihəsində və gələcək investisiyalarda maraqlı olan şirkətlər hesabına maliyyələşdirmədir.

"Buxarestdə keçiriləcək qarşıdakı görüşdə təqdimat gözlənilir. Onun yekunları üzrə biz TİƏ-ni hazırlamq istəyən şirkətlərin təkliflərini qiymətləndirəcəyik", - nazir əlavə edib.

"Aİ-nin INOGEIT və TACIS kimi layihələrdə bir zamanlar Aİ tərəfindən müxtəlif şirkətlərlə qazın Xəzər və Qara dəniz regionlarından Avropaya nəqli üzrə müəyyən tədqiqatların aparılmasını nəzərə alaraq, fikirləşmirəm ki, şirkətlərə TİƏ-nin hazırlanmasına çox vaxt lazım olsun", - o qeyd edib.

Onun sözlərinə görə, çox güman ki, şirkətlər bu layihənin elementləri üçün lazımi kapital xərclərinin gələcəyi haqqında məlumatları yalnız detallaşdıracaqlar. "Xüsusilə, söhbət Tbilisidən Qara dənizədək yeni qaz kəmərinin çəkilişi kimi elementlərdən gedir", - nazir deyib.

Şirkətlər TİƏ-nin hazırlanması zamanı maye qazın nəqli üçün xüsusi gəmiləri cəlb etmək məqsədilə lazım olan nəqliyyat xərclərini qiymətləndirməlidirlər. Layihə çərçivəsində qazın maye halına salınması üzrə zavodun tikintisi də nəzərdə tutulur.

"Layihənin bütün bu elementləri məlumdur. Onların texniki-iqtisadi göstəricilərini öyrənmək, hüquqi planda həlli tələb olunacaq məsələləri müəyyənləşdirmək lazımdır. Onların hamısı TİƏ-də əks olunacaq. Güman edirəm ki, hazırlığa bir ildən çox vaxt lazım olmayacaq", - nazir qeyd edib. Onun sözlərinə görə, sonra vəsaitlərin cəlb edilməsi məsələsini həll etmək lazım olacaq.

Mayın 26-27-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın iqtisadiyyat və energetika nazirlərinin görüşü ilə yanaşı, AGRI layihəsinin Direktorlar Şurası da keçiriləcək.

"Nazirlər görüşünün yekunları üzrə Direktorlar Şurasının bu istiqamətdə iş üzrə hansısa tapşırıqlar alması mümkündür", - nazir əlavə edib.

Bu gün Trend-ə ARDNŞ-nin vitse-prezidentinin müavini, AGRI LNG Co şirkətinin idarə heyətinin üzvü Vitali Bəylərbəyovun dediyinə görə, AGRI layihəsi üzrə iş irəliləyir.

"Layihəyə Yaponiya, Koreya, Türkiyə, Fransa və Norveçin neft-qaz sektorunun şirkətləri maraq göstərir", - Bəylərbəyov bildirib.

Sentyabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan AGRI layihəsi üzrə Bakı Bəyannaməsini imzalayıblar. Sənəddə AGRI layihəsinin TİƏ-nin 2012-ci ilin aprelindən gec olmayaraq başa çatdırılmasının zəruriliyi göstərilib. Həmçinin, TİƏ-nin hazırlanması üçün zəruri maliyyələşdirmənin cəlb edilməsinə layihədə iştirak edən şirkətlərə dəstək göstərilməsi zəruriliyi də qeyd olunub. Sənəddə qeyd olunur ki, AGRI çərçivəsində işlərin gücləndirilməsi Azərbaycan qazının Avropa bazarlarına nəqlinin nisbətən daha qısa marşrutunun tapılmasını, Rumıniya-Macarıstan (Arad-Şeged) interkonnektorunun yaradılmasını nəzərdə tutur.

Bundan əvvəl Rumıniyada AGRI layihəsi çərçivəsində yaradılan birgə müəssisə yeni layihənin texniki-iqtisadi əsaslandırması (TİƏ) və maliyyələşdirmə mənbələrinin axtarışı ilə məşğul olacaq.

Şirkətin iştirakçıları Rumıniyanın ROMGAZ, Gürcüstanın Neft-Qaz Korporasiyası, ARDNŞ və MVM şirkətləridir. BM-nin iştirakçılarının hər biri 25 faizlik iştirak payına malikdir.

Layihə Azərbaycan qazının Gürcüstanın Qara dəniz sahilində qaz kəməri üzrə nəqlini nəzərdə tutur ki, bu qaz da xüsusi terminalda mayeləşdirilərək, tankerlərlə Rumıniyanın Konstansa limanı terminalında nəql olunacaq. Gələcəkdə maye qaz təbii qaz halına gətirilərək, ölkə ərazisində mövcud olan qaz infrastrukturu vasitəsilə Rumıniya və digər Avropa ölkələrinin qaz tələbatını ödəmək üçün istiqamətlənəcək.

Gözlənilir ki, Türkmənistan layihədə tədarükçü kimi iştirak etməklə Xəzər ilə maye qazı onun sonradan Avropaya tranziti üçün Azərbaycana tədarük edə bilər.

AGRI layihəsinin dəyəri 1,2 milyard avro və 4,5 milyard avro arasında dəyişə bilər.

Xəbər lenti

Xəbər lenti