Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir E.İsmayılov/
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyi (İB) payız-qış mövsümündə istehlakçıların qazla fasiləsiz təmin olunması məqsədilə magistral qaz kəmərlərində təmir-profilaktika işləri aparır. Eləcə də, bu gün İB Yevlax-Balakən magistral qaz kəmərində təmir işlərinə başlayıb. Trend-in məlumatına görə, bu barədə İB-nin mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı bildirib.
Onun sözlərinə görə, təmir işlərinin gedişində Balakən, Zaqatala, Şəki və Qaxda qaz verilişində müvəqqəti fasilələr yaranacaq.
"Yayda qazdan istifadə xeyli azalır, məhz bu dövrdə təmir işləri aparılır ki, qış dövründə magistral qaz kəmərləri ilə yüksək təzyiq altında və fasiləsiz qaz verilməsini təmin etmək mümkün olsun", - Eyvazlı bildirib.
Onun sözlərinə görə, qazın verilişi bazar ertəsi saat 18:00-dək - təmir işlərinin başa çatmasından sonra bərpa olunacaq.