...

Sumqayıt Kimya Sənaye Parkının yaradılması ilə bağlı məsələlərin icrasına start verilib (FOTO)

Energetika Materials 10 Yanvar 2012 20:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin "Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında" 21 dekabr 2011-ci il tarixli sərəncamının icrası ilə bağlı müxtəlif struktur və qurumların rəhbər və mütəxəssis heyətinin iştirakı ilə geniş tərkibdə müşavirə keçirilib.

Trend-in çərşənbə axşamı ARDNŞ-nin saytına istinadən yaydığı məlumata görə, müşavirə iştirakçıları əvvəlcə Sumqayıt Kimya Sənaye Parkının inşa ediləcəyi sənaye zonasına gələrək, əraziyə baxış keçiriblər. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, iqtisadi inkişaf naziri Şahin Mustafayev, digər dövlət və hökumət qurumlarının rəhbərləri ərazidə aparılan demontaj və abadlaşdırma işləri ilə tanış olub, tikintiyə hazırlıq məqsədi ilə görülən işləri təqdir ediblər.

"Azərikimya" İB-də müvafiq struktur nümayəndələrinin iştirakı ilə keçirilmiş müşavirədə Azərbaycan Prezidentinin Sumqayıtda Kimya Sənaye Parkının yaradılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində nəzərdə tutulan tədbirlər müzakirə olunub, ilkin olaraq görüləcək işlərin konturları müəyyənləşdirilib, onların həlli yolları haqqında geniş fikir mübadiləsi aparılıb. Azərbaycan iqtisadiyyatının, xüsusilə, sənayenin özəl sektorunun inkişafında mühüm rol oynayacaq Sumqayıt Kimya Sənaye Parkının tikintisinə başlanılmasını sürətləndirmək, bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin vaxtında və yüksək səviyyədə həyata keçirilməsi məqsədi ilə müvafiq qurum və xidmət rəhbərlərinə konkret tapşırıqlar verilib.

Xəbər lenti

Xəbər lenti