Azərbaycan, Bakı, 29 may /Trend, müxbir S.Əliyev/
ABŞ xarici investorlar üçün Xəzər dənizinə çıxışın açılmasına dair Azərbaycanın layihələrinin həyata keçirilməsində əsas oyunçu olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.
İlham Əliyev deyib: "Əməkdaşlığımızın digər sahəsi əlbəttə ki, enerji təhlükəsizliyidir və biz ABŞ ilə bu məsələlər üzərində 1994-cü ildən etibarən fəal işləyirik. ABŞ xarici investorlar üçün Xəzər dənizinə çıxışın açılmasına dair layihələrimizin həyata keçirilməsində əsas oyunçu olub. Azərbaycan bunu edən ilk ölkə olub. Bundan başqa, biz əlavə marşrutlara, nəql marşrutlarına ehtiyac duyuruq. Və 1994-2003-cü illərdə bu məsələlərə bilavasitə cəlb edilmiş insan kimi sizə deyə bilərəm ki, 90-cı illərdə ABŞ və bu ölkənin administrasiyası tərəfindən güclü siyasi dəstək olmadan bu uğura nail ola bilməzdik".
Dövlət başçısının sözlərinə görə, Azərbaycana güclü dəstək verilib.
Prezident qeyd edib ki, Azərbaycanda çox əlverişli investisiya və müsbət biznes mühiti yaradılıb, investorların hüquqi müdafiəsi təmin edilib.
İlham Əliyev bildirib ki, ABŞ administrasiyası tərəfindən güclü dəstək olmaqla Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən strateji Bakı-Tbilisi-Ceyhan boru kəməri inşa edilib: "Boru kəmərinin yaradılması təkcə Azərbaycan və onun tərəfdaşları üçün karbohidrogenlərin nəqli vasitəsi deyil, həm də yeni dəhliz olub. Və həmin dövrdə, çox güman ki, bu boru kəmərinin bütün şərtsiz üstünlüklərini görə bilməzdik, lakin hazırda biz görürük ki, bu dəhlizin açılması qitəmizin enerji xəritəsini həqiqətən də dəyişdirdi".
Prezident qeyd edib ki, bu, Azərbaycana enerji daşıyıcılarını respublikanın onu istehsal etdiyi həcmdə ixrac etməyə, həm də tranzit ölkə olmağa imkan verib: "Bu strateji boru kəməri qonşularımız tərəfindən Xəzərin şərq sahillərində istifadə edilir ki, bu da bizə gələcəkdə qaz infrastrukturuna investisiya yatırmağa və bu dəhlizdən regional əməkdaşlığın gücləndirilməsi və biznes mühiti üçün daha yaxşı şəraitin yaradılması məqsədilə istifadə etməyə imkan yaradıb".
İlham Əliyev qeyd edib ki, Azərbaycan dəniz və quru yollarla nəqllə bağlı iri enerji layihələri həyata keçirib, respublika "Cənub qaz dəhlizi" üzrə Avropa tərəfdaşları ilə çox sıx işləyir. Azərbaycan "Cənub qaz dəhlizi"nin təşəbbüskarıdır və Avropa İttifaqı tərəfindən əsas tədarükçü qismində tanınan ölkədir.
Dövlət başçısının sözlərinə görə, iki il əvvəl enerji sahəsində strateji tərəfdaşlığa dair memorandum imzalanıb və hazırda tərəflər "Cənubi qaz dəhlizi"nin inşasına dair çox ciddi qərarlar qəbul etmək ərəfəsindədirlər.
Prezident deyib: "Bu layihə bizə Azərbaycanın iri qaz ehtiyatlarını Avropa bazarına ixrac etməyə və iqtisadi əməkdaşlığı, Avropanın enerji təhlükəsizliyini təmin etməyə imkan verəcək. Eyni zamanda, bu, ixracat potensialımızı xeyli artırmağa imkan yaradacaq. Fikrimcə, biz istehsalçılar, tranzit tərəfləri və istehlakçılar arasında çox yaxşı balans tapmışıq. Biz bu üçtərəfli format üzərində sıx işləyirik".
İlham Əliyev bildirib ki, bu qaz ABŞ ərazisinə çatmasa da, Vaşinqton mövcud strateji layihəni fəal dəstəkləyir, çünki bu, həqiqətən də gələcəyin layihəsidir: "Bu, enerji və iqtisadi şaxələndirmə, regional əməkdaşlıq, Azərbaycan və Avropanın əməkdaşlığı layihəsidir. Layihə, həmçinin Avropaya tədarüklərin mənbələrini şaxələndirməyə yardım edəcək, çünki əsas şaxələndirmə marşrutların deyil, mənbələrin şaxələndirilməsidir. Və bu mənbə Azərbaycandır".
Prezidentin sözlərinə görə, yaxın illərdə bu sahədə ABŞ-Azərbaycan münasibətləri "Cənub qaz dəhlizi"nin ilk mərhələsinin həyata keçirilməsinə başlanıldığı 90-cı illərin ortalarında olduğu kimi vacib olacaq.
Dövlət başçısı deyib: "Bu layihənin strateji əhəmiyyətini yadda saxlayaraq, biz Azərbaycanda əsas diqqəti daha çox iqtisadiyyatımızın şaxələndirilməsinə, enerji sektorundan asılılığın azaldılmasına və ölkəmizin davamlı inkişafının təmin edilməsinə ayırırıq".
İlham Əliyevin sözlərinə görə, gec-tez neft və qaz tükənəcək: "Bizdə bu, yaxın 100 il ərzində baş verə bilər. Buna rəğmən, iqtisadiyyatımızı şaxələndirməliyik, "qara qızıl"ı insan kapitalına çevirməliyik və artıq bunu etməyə başlamışıq".