...

BP Azərbaycanın "Şahdəniz" yatağında hasilatın həcmini açıqlayıb

Energetika Materials 15 Avqust 2014 12:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir Emil İsmayılov/

2014-cü ilin I yarısında Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağından 4,75 milyard kubmetr qaz və 1,12 milyon ton kondensat (təqribən 9 milyon barel) hasil edilib. 2013-cü ilin yanvar-iyun aylarında bu göstərici müvafiq olaraq, 4,8 milyard kubmetr qaz və 1,26 milyon ton kondensat (təqribən 10 milyon barel) olub. Trend-in məlumatına görə, bu barədə cümə axşamı BP-nin I yarımillikdə fəaliyyətinin nəticələri üzrə hesabatında deyilir.

Hesabata əsasən, yanvar-iyun aylarında yataqda orta sutkalıq qaz hasilatının həcmi 26,2 milyon kubmetr, orta sutkalıq kondensat hasilatının həcmi 49,76 min barel təşkil edib.

2013-cü ildə "Şahdəniz"də 9,8 milyard kubmetr qaz və 2,48 milyon ton kondensat (19,6 milyon barel), 2012-ci ildə isə 7,73 milyard kubmetr qaz və 2milyon ton kondensat hasil olunub.

Yanvar-iyun aylarında layihə çərçivəsində əməliyyat xərcləri 243 milyon dollar, kapital xərclər təqribən 1,77 milyard dollar olub. 2014-cü ildə layihə çərçivəsində əməliyyat xərcləri 483 milyon dollar, kapital xərclər isə 3,78 milyard dollar səviyyəsində proqnozlaşdırılır.

Hesabata əsasən, kapital xərclər yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində işlərlə və Səngəçal terminalının genişlənməsi ilə bağlıdır.

2006-cı ilin sonundan ("Şahdəniz"də hasilatın başlaması) 2014-cü ilin I yarımilliyinədl dünya bazarlarına 52,7 milyard kubmetr qaz və 13,6 milyon tondan çox kondensat göndərilib.

"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı ilin iyun ayının 4-də imzalanıb. Yatağın qaz ehtiyatı 1,2 trilyon kubmetrdir. "Şahdəniz"də iştirak payları belədir: BP (operator - 28,8%), ARDNŞ (16,7%), Statoyl (15,5%), Total (10%), LUKOYL (10%), NİKO (10%), və TPAO (9%). Bu faizlərə Statoyldan müvafiq olaraq BP və ARDNŞ-nin aldığı iştirak payları daxildir. Total Şahdənizdəki 10% iştirak payını TPAO-ya satmağa razılaşıb, hazırda hər iki şirkət bu əməliyyatı yekunlaşdırmaq üzrədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti