...

Taner Yıldız: "Türk axını" TANAP-la rəqabət aparacaq

Energetika Materials 28 Yanvar 2015 11:13 (UTC +04:00)
"Türk axını” qaz kəmərinin marşrutu müəyyən olunduqdan sonra onunla Trans-Anadolu qaz kəməri (TANAP) arasında sağlam rəqabət başlayacaq.
Taner Yıldız: "Türk axını" TANAP-la rəqabət aparacaq

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

"Türk axını" qaz kəmərinin marşrutu müəyyən olunduqdan sonra onunla Trans-Anadolu qaz kəməri (TANAP) arasında sağlam rəqabət başlayacaq.

Trend-in çərşənbə günü Türkiyənin Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Taner Yıldız bəyan edib.

Onun sözlərinə görə, "Türk axını" qaz kəmərinin ildə 15,75 milyard kubmetr qaz nəql edəcək birinci qolu 2016-cı ilin dekabrında Türkiyənin ərazisinə qədər uzadılacaq.

Bundan əvvəl Yıldız "Türk axını"nın TANAP-a rəqib olmayacağını bəyan etmişdi.

Dünən "Qazprom" ASC "Türk axını" qaz kəmərinin marşrutunun Qara dənizin dibindən keçəcəyini müəyyən edib. Bu barədə ASC-nin Ankarada "Qazprom"un rəhbəri Aleksey Miller və Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız arasındakı görüşünün yekunlarına dair məlumatında deyilir.

Görüş zamanı "Türk axını" qaz kəməri layihəsinin texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) hesablanması üzrə ilkin nəticələrə baxılıb və onun marşrutu haqqında qərar qəbul edilib. Qaz kəmərinin dörd qolunun gücü ildə 63 milyard kubmetr qaz təşkil edəcək.

Qaz kəmərinin 660 kilometri köhnə "Cənub axını" dəhlizindən, 250 kilometrinin isə yeni dəhlizdən (Türkiyənin Avropa hissəsi istiqamətində) keçməsi planlaşdırılır.

Yanvarın 28-də "Qazprom" Türkiyənin yeni dəniz sahəsində layihə-kəşfiyyat işlərinin keçirilməsi sorğusu ilə nota göndərəcək.

"Qazprom" layihənin dəniz hissəsini özü müstəqil şəkildə reallaşdıracaq.

Türkiyənin ərazisində qaz nəqliyyat obyektləri birgə yaradılacaq. İştirak payları sonrakı danışıqların gedişində müəyyən ediləcək.

Yanvarın 23-də Rusiyanın Əmanət Bankı "Türk axını" qaz kəmərinin tikintisini maliyyələşdirməyə hazır olduğunu elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti