...

BP və tərəfdaşları Azərbaycanda sosial investisiya layihələrinə 4,5 milyon dollar xərcləyiblər

Energetika Materials 18 Mart 2016 18:50 (UTC +04:00)
2015-ci il ərzində BP və onun tərəfdaşları belə sosial investisiya layihələrinə təkcə Azərbaycanda 4,5 milyon dollar xərcləyiblər.
BP və tərəfdaşları Azərbaycanda sosial investisiya layihələrinə 4,5 milyon dollar xərcləyiblər

Bakı. Trend:

"Azəri-Çıraq-Günəşli" yatağının operatoru olan BP şirkəti martın 18-də Səngəçal və Ümid qəsəbəsi icmalarının 50 üzvünə informasiya texnologiyaları (İT) üzrə təlim sertifikatları təqdim edib. Bu layihə BP-nin və onun tərəfdaşlarının öz obyektlərinin yaxınlığında yaşayan əhalinin inkişaf səylərini dəstəkləmək öhdəliyinin bir hissəsidir. Bunu Trend-ə "BP-Azerbaijan" şirkətindən deyiblər.

Məzunların qarşısında yeni iş imkanları açan bu sertifikatlar İT Əsasları adlanan CİSCO kurslarını bitirmək haqqındadır. CİSCO lisenziyası olan 3-aylıq kurslar yerli icmaların nümayəndələrinə İT bacarıq və vərdişlərini öyrətmək üçün xüsusi olaraq təşkil olunub.

CİSCO kurslarının əhatə etdiyi əsas sahələr bunlardır: dizüstü kompyuterlər və mobil cihazlar, kabelsiz bağlantı, texniki təhlükəsizlik, ətraf mühit və ünsiyyət məsələləri ilə bağlı bacarıq və vərdişlər. Sertifikatları alan 50 nəfərin (12 qadın və 38 kişi) hamısı Qafqaz Universiteti nəzdində yaradılmış CİSCO lisenziyalı kursların tam proqramını keçiblər.

Qafqaz Universitetinin müəllimləri tərəfindən təqdim olunan dərslər kompyuter üzrə proqram təminatı və avadanlıq sahəsində lazımi bilgilər verməklə əhalinin İT vərdişləri tələb edən işlərə getdikcə artan ehtiyaclarını ödəməyə kömək etmək məqsədi daşıyır.

Sertifikatların təqdim olunmasına həsr olunmuş tədbirdə çıxış edən BP-nin Əlaqələr, Xarici İşlər və Strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirdi ki, belə qısa müddətli layihələrin çox faydalı nəticəsi olur - onlar bir tərəfdən əhalinin müəyyən tələbatını dərhal qarşılaya bilir, digər tərəfdən də yeni vərdişlər və bilgilər qazanmış insanları hər hansı iş imkanları üçün rəqabətqabiliyyətli namizədlər kimi hazırlayır: "Ümidvarıq ki, yeni İT vərdişləri və bilgiləri qazanmış bu 50 nəfər hazırda iş yerlərinin əksəriyyəti üçün qoyulan əsas tələblərdən birinə - informasiya texnologiyasını bilmək tələbinə cavab verəcəklər".

BP-nin vitse prezidenti onu da bildirdi ki, layihənin nəticələrindən razıdırlar: "Layihə ötən il həmin icmalarda apardığımız ehtiyacların qiymətləndiriməsi məqsədlərinə tam uyğundur. Həmin qiymətləndirmə əhalinin daha çox dəstəyə ehtiyacı olduğu ixtisas və vərdişlərin təlimi sahələrini müəyyənləşdirdi. Peşə təlimi və yeni vərdişlər yerli iş imkanları yaradılmasına kömək edən əsas sahələrdəndir. BP və onun tərəfdaşları obyektlərimizin qonşuluğunda yaşayan əhalinin yeni iş imkanlarını artırmaq səylərini dəstəkləməkdə davam edəcək".

B.Aslanbəylinin sözlərinə görə, bu, pilot layihədir və onun uğurlarından asılı olaraq layihənin 2-ci fazasının, həm də daha geniş miqyasda həyata keçirilməsi planlaşdırılır. Həmin fazada BP Qaradağ rayonu icmalarından 100 nümayəndənin, həmçinin BP-nin əməliyyatları olan digər rayonlardan da daha 100 nəfərin eyni kurslarda təlimini dəstəkləyəcək.

BP-nin nümayəndəsi həmçinin bildirdi ki, şirkət hazırda ixtisas biliyi, yeni peşə vərdişləri, qabiliyyət və səriştələri artırmaqla insanların məşğulluq səylərinə dəstək verən bir sıra digər sosial layihələrini də davam etdirir. Bunlara misal olaraq BP və tərəfdaşlarının SOCAR-ın Qobustan Regional Texniki Təlim Mərkəzində Səngəçal, Ümid, Əzimkənd və Qobustan qəsəbələrində yaşayan yerli icma nümayəndərlərinin peşə və texniki təliminə dəstək layihəsini göstərmək olar. Layihə çərçivəsində BP və tərəfdaşları 2015-ci ildə 79 yerli icma nümayəndəsinin neft və qaz sənayesi peşələri üzrə təlimini maliyyələşdiriblər və 2016-cı il üçün daha 55 nəfər həmin təlimlər üçün artıq seçilib. Digər bir layihədə isə BP və onun tərəfdaşları özəl və dövlət sektorunu təmsil edən şəxslərin layihələri idarə etmək bacarıqlarını inkişaf etdirmək səylərini dəstəkləyirlər. Layihələri İdarəetmə Məktəbi adlanan həmin layihə vasitəsilə bu günədək 325 yerli layihə meneceri idarəetmə üzrə beynəlxalq sertifikatlar qazanıb.

Xəzərdə fəaliyyət göstərdiyi 20-ildən artıq bu dövr ərzində BP və onun tərəfdaşları mühüm sosial investisiya layihələrinə dəstək veriblər. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

2015-ci il ərzində BP və onun tərəfdaşları belə sosial investisiya layihələrinə təkcə Azərbaycanda 4,5 milyon dollar xərcləyiblər.

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP və onun tərəfdaşları Azərbaycanın hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti