Bakı. Trend:
Qarabağ günəş enerjisinin inkişafı üçün böyük potensiala malikdir.
Trend-in məlumatına görə, bunu energetika nazirinin müavini Elnur Soltanov "Azərbaycanda bərpa olunan enerji mənbələri" mövzusunda dayanıqlı inkişaf üzrə Almaniya-Azərbaycan forumunda deyib.
"Qarabağ günəş elektrik enerjisinin istehsalı üzrə yaxşı potensiala malikdir və yalnız Naxçıvandan geri qalır", - deyə o bildirib.
Nazir müavini Qarabağın "yaşıl" zonaya çevrilməsi prosesi barədə də danışıb.
"Qarabağda bütün enerji mənbələri alternativ enerjiyə əsaslanacaq. Məsələn, biz artıq 4 kiçik su elektrik stansiyasını bərpa etmişik və ilin sonunadək daha 18 stansiyanın bərpası planlaşdırılır. Bu, özəl investorların hesabına baş verəcək", - E.Sultanov deyib.
O, həmçinin "ACWA Power" və "Masdar" şirkətləri ilə ümumi istehsal gücü 470 meqavatt gücündə günəş və külək elektrik stansiyalarının tikintisi çərçivəsində təməlqoymanı da xatırladıb.
"2030-cu ilədək Azərbaycan bərpa olunan enerji mənbələrinin gücünü 30 faiz artırmalıdır, amma bu göstərici növbəti illərdə daha da artırılacaq", - E.Sultanov vurğulayıb.
(Tərcümə: Orxan Nəbiyev)