Bakı. Trend:
"Gulf Business" jurnalında bir neçə gün əvvəl Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında bərpa olunan enerji mənbələri sahəsində imzalanmış böyük sazişlərə dair məqalə dərc olunub.
Trend-in məlumatına görə, məqalədə Masdar şirkəti və Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Əbu-Dabidə Dayanıqlılıq Həftəsi ərzində sazişlər imzaladıqları deyilir.
“Sazişlər yerüstü külək və günəş layihələrinin, habelə toplam gücü 4 qiqavatt olan dənizdə külək və ekoloji təmiz hidrogen layihələrinin inkişafını əhatə edəcək. Azərbaycan 2030-cü ilədək elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrinin payını 30 faizədək artırmağı qarşısına hədəf olaraq qoyur, çünki ölkə öz iqtisadiyyatını diversifikasiyalaşdırmağa və istixana qazlarının tullantılarını azaltmağa çalışır. İnteqrasiya edilmiş milli neft-qaz şirkəti olan SOCAR Azərbaycanın enerji təhlükəsizliyini dəstəkləyir. BƏƏ-nin 2050-ci ilədək atmosferə karbon qazı tullantılarının sıfıra endirilməsi üzrə strateji təşəbbüsünün reallaşdırılmasının açarı olan Masdar 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin gücünü 100 qiqavatadək çatdırmağı və ildə bir milyon tona qədər yaşıl hidrogen hasil etməyi qarşısına məqsəd olaraq qoyub”,- məqalədə deyilir.
BƏƏ Sənaye və Aparıcı Texnologiyalar naziri Sultan bin Əhməd əl Cəbərin sözlərinə görə, bu sazişlər BƏƏ və Azərbaycan arasında onsuz da davamlı olan əlaqələrin möhkəmlənməsinə xidmət edir və iki ölkənin enerji balansının diversifikasiyasına, habelə aşağı və sıfır dərəcədə karbon tullantılarına dair həllərin işlənib hazırlanmasına sadiqliyinin sübutudur.
"Masdar"ın baş direktoru Məhəmməd Cəmil Əl Ramahi isə öz növbəsində şirkətin Azərbaycanı həlledici strateji tərəfdaş olaraq gördüyünü qeyd edib və "ölkəni təmiz enerji yolunda dəstəklədiyimizlə qürur duyuruq"", -deyib.
“Bu sazişlərin imzalanması özlüyündə əməkdaşklığın inkişafında vacib bir mərhələ kəsb edir ki, bu da Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində məqsədlərinə nail olmasına imkan yaradacaq və onun daimi dayanıqlı inkişafını dəstəkləyəcək”, - o, əlavə edib.
Məqalədə ötən ilin uyun ayında "Masdar"ın Azərbaycanın Energetika Nazirliyi ilə ümumilikdə 10 qiqavat gücə malik bərpa olunan enerji mənbələrinin hasilatı üzrə proqramın işlənib hazırlanmasına dair saziş imzaladığı qeyd olunur və bu Azərbaycan tarixində bu cür sövdələşmələr arasında ən böyüklərindən biridir.
“Birgə hazırlıq haqqında razılaşmalar tərəflər arasında proqramın ümumi 4 qiqavat gücə malik hasilatı nəzərdə tutan birinci fazasının hazırlanması üçün əməkdaşlıq və tərəfdaşlığın prinsiplərini müəyyən edir. Masdar həmçinin Azərbaycanda 230 meqavatt gücə malik Qaradağ fotoelektrik günəş elektrik stansiyasını inşa edir. Stansiya hər il yarım milyard kilovatt-saat elektrik enerjisi hasil etməyə kömək edəcək ki, bu da 110 000-dən çox evin ehtiyacını qarşılayacaq, tullantıları ildə 200 000 tonadək azaldacaq və iş yerlərinin açılmasına səbəb olacaq”, - yazıda deyilir.
Twitter: @Lyaman_Zeyn